ELM VƏ TƏHSİL


AzTU Türkiyənin müdafiə sənayesi müəssisələri ilə əməkdaşlığı genişləndirir

Bakı, 6 avqust, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində bu ölkənin aparıcı ali məktəblərində, eləcə də müdafiə sənayesi üzrə tanınmış müəssisələrində görüşlər keçirilib.

Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib.

Türkiyə müdafiə sənayesinin klaster şirkətlərindən olan Türk Aviasiya və Kosmos Sənayesinin (TUSAŞ) prezidenti professor Temel Kotil, “Aselsan” şirkətinin vitse-prezidenti professor Sezai Elagöz, “TUSAŞ Motor Sanayi”nin vitse-prezidenti və idarə heyətinin sədri professor Mahmut Akşit, “Roketsan” şirkətinin vitse-prezidenti Murat Kurtuluş və SAHA İstanbul Hasel Müdafiə Sənayesi Fabrikinin rəhbəri Levent Yıldızla keçirilən görüşlərdə adıçəkilən müəssisələrdə yaradılan akademik təhsil təcrübəsinin öyrənilməsi və universitetlərdə tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) prezidenti professor Hasan Mandalla görüş zamanı İnformatika və İnformasiya Təhlükəsizliyi Təkmil Texnologiyalar Araşdırma Mərkəzi və Mərmərə Araşdırma Mərkəzinin təcrübələrindən faydalanmaqla əlaqələrin davam etdiriliməsi, universitet-sənaye əməkdaşlığı ilə bağlı birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.

Türk Standartları İnstitutunun rəhbəri Mahmut Sami Şahinlə görüşdə əməkdaşlığın davam etdirilməsi, həmçinin AzTU-da metrologiya və standartlaşma işlərinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qazi Universitetinin nəzdində Əlavə İstehsal Texnologiyaları Tətbiq və Tədqiqat Mərkəzinin rəhbəri professor Metin Salamçı və SAHA İstanbul Müdafiə Aerokosmik Klaster Birliyinin rəhbəri Gökhan Şahinlə görüşdə isə magistratura, doktorantura və əlavə təhsil proqramları, həmçinin MBA proqramı haqqında geniş məlumat verilib, eləcə də istehsal sahələrinə baxış keçirilib.

AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyətinə rəqəmsallaşma və layihələr üzrə prorektor Rəşad Əliyev, Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova və AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının koordinatoru, universitetin İctimai şurasının sədri Osman Gündüz daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.