ELM VƏ TƏHSİL
AzTU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub
Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Azərbaycan Texniki Universitetində (AzTU) dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən prorektor İsa Xəlilov Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncamına əsasən ölkədə silsilə tədbirlərin keçirildiyini söyləyib. Prorektor qeyd edib ki, əsrlərdən bəri qorunub saxlanılan və bu gün də aktuallığını itirməyən Nəsimi poeziyası öz fəlsəfi məzmunu ilə seçilir. Azərbaycan ədəbiyyatı tarixində silinməz iz qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlər bu gün də qiymətlidir. Nəsimi irsi insanların mənən kamilləşməsinə xidmət edir.
Tədbirdə tanınmış rejissor, Xalq artisti Şeyx Əbdül Mahmudov, Əməkdar artist Xalidə Quliyeva, nəsimişünas Fərəc Əliyev və digər çıxış edənlər tədbirin əhəmiyyətindən, “Nəsimi ili”nin önəmindən, mütəfəkkir şairin zəngin yaradıcılığından bəhs ediblər. Bildirilib ki, Nəsiminin yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələdir. Azərbaycan poeziyasının humanizm ideyaları və yeni məzmunla zənginləşməsində görkəmli şairin dəyərli xidmətləri olub. Nəsimi özündən sonra zəngin irs qoyub, ədəbi məktəb yaradıb.
Tədbir bədii proqramla davam edib.