ELM VƏ TƏHSİL
Fəxrəddin Öztürk: Türkiyə Havaçılıq və Kosmik Sənayesi AzTU alimlərinin tədqiqatları ilə maraqlanır
Bakı, 26 sentyabr, AZƏRTAC
Sentyabrın 26-da Türkiyə Havaçılıq və Kosmik Sənayesinin strategiya və texnologiya şöbəsinin müdiri Fəxrəddin Öztürk Azərbaycan Texniki Universitetində (AzTU) olub, universitet rəhbərliyi və fakültə dekanları ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, AzTU-nun rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov universitet haqqında qonağa ətraflı məlumat verib, Azərbaycanda sənayenin bir sıra sahələrinin ənənəvi inkişaf yolu olduğunu, həmçinin son illər ölkə iqtisadiyyatının inkişaf tempinə uyğun olaraq yeni sahələrin yarandığını söyləyib. Bildirilib ki, AzTU-da 33 istiqamətdə bakalavr, 100-dək istiqamətdə isə magistr hazırlığı aparılır.
Türkiyə Havaçılıq və Kosmik Sənayesi ilə AzTU arasında yeni imzalanan əməkdaşlıq müqaviləsindən danışan professor X.Yahudov vurğulayıb ki, bu müqavilə aviasiya və kosmik sənayenin metallurgiya, maşınqayırma, informasiya texnologiyaları, elektroenergetika və bu kimi bir sıra sahələrində əməkdaşlıq etməyə imkan verəcək.
Azərbaycanda, o cümlədən AzTU-da olmaqdan, bu ali məktəbin müəllimləri ilə görüşdən məmnunluğunu bildirən F.Öztürk Türkiyə Havaçılıq və Kosmik Sənayesinin universitetdə çalışan alimlərin tədqiqatları ilə maraqlandığını deyib. Qonaq qeyd edib ki, iki qurum arasında imzalanan müqavilə çərçivəsində AzTU-nun alimlərinin Türkiyəyə səfərlərini reallaşdırmaq, tələbələrin Türkiyə Havaçılıq və Kosmik Sənayesinin zavodlarında təcrübə keçmələrini təmin etmək mümkün olacaq.
Daha sonra F.Öztürk universitetin laboratoriyaları ilə tanış olub.