ELM VƏ TƏHSİL
AzTU-nun əməkdaşları və tələbələri talassemiyalı və hemofiliyalı xəstələr üçün qan veriblər
Bakı, 11 mart, AZƏRTAC
Martın 11-də Azərbaycan Texniki Universitetində (AzTU) Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının dəstəyi ilə könüllü qanvermə aksiyası keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri qoyaraq, xatirəsinin ehtiramla yad ediblər.
Rektor əvəzi, professor Xalıq Yahudov aksiyanın xeyirxahlıq və mərhəmət naminə keçirildiyini diqqətə çatdırıb, qan verən universitet əməkdaşlarına və tələbələrə minnətdarlığını bildirib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (QAC) prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov “Azərbaycan QAC və könüllülük” mövzusunda çıxış edib və tələbələrin suallarını cavablandırıb.
Daha sora universitetin əməkdaşları və tələbələri qana ehtiyacı olan insanlara kömək məqsədilə könüllü qan veriblər.
Qeyd edək ki, aksiyanın keçirilməsində əsas məqsəd talassemiyalı və hemofiliyalı xəstələrə yardım etməkdən ibarətdir.