CƏMİYYƏT


AzTV Aprel döyüşləri haqqında cizgi filmi hazırlayır

Bakı, 28 yanvar, AZƏRTAC

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) yanında Bədii Şuranın növbəti iclası keçirilib.

Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda QSC sədri Rövşən Məmmədov çıxış edərək ötən dövr barədə qısa xatırlatma verib, yanvarın 25-də Bədii Şuranın Sumqayıt ictimaiyyəti ilə keçirilən görüşünə toxunub.

Belə görüşlərin vacib olduğunu vurğulayan R.Məmmədov deyib: “Azərbaycan Televiziyası olaraq tamaşaçı rəyi bizim üçün ən vacib amillərdəndir. Bu baxımdan bu kimi görüşləri biz daha da intensivləşdirməliyik”.

Şura üzvləri - Xalq artistləri Mübariz Tağıyev, Faiq Sücəddinov, Mənsum İbrahimov, Ramiz Quliyev, AzTV-nin Ədəbi-dram verilişləri redaksiyasının baş redaktoru Flora Xəlilzadə, Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova və digərləri Sumqayıt ictimaiyyəti ilə görüşün nəticələrini yüksək qiymətləndirib, şəhər ictimaiyyətinin təkliflərini səsləndiriblər. Şura üzvləri Sumqayıt ictimaiyyətinin AzTV-də son bir ildə aparılan ciddi dəyişiklikləri, onlarla yeni verilişləri, Azərbaycan Radiosunda efir dəyişikliyni təqdir etdiklərini diqqətə çatdırıblar. “Bir neçəsi mənə yaxınlaşıb dedi ki, biz artıq 6-7 aydır AzTV-yə baxırıq”, - deyə Mənsum İbrahimov əlavə edib.

İctimaiyyətin təqdir və təkliflərinə münasibət bildirən Rövşən Məmmədov deyib ki, Azərbaycan Radiosunda son vaxtlar 10 veriliş canlı efirə çıxmağa başlayıb. Uşaqlar üçün cizgi filmləri ilə bağlı təkliflərin müzakirəsi zamanı sədr əlavə edib ki, artıq QSC sifariş verib, 2016-cı ildə Azərbaycan Ordusunun işğalçı erməni silahlıları üzərində qələbəsi ilə nəticələnən dörd günlük Aprel döyüşləri haqqında cizgi filmi hazırlanır. “Biz hətta Aprel döyüşlərində fərqlənmiş qəhrəmanlarımızdan sağ qalanların üz cizgilərini də göndərmişik ki, real obrazların simaları filmdə əksini tapsın. Bu, ordumuzun qəhrəmanlığının gələcək nəsilə aşılanması üçün bir addımdır”, - deyə R. Məmmədov bildirib.

Daha sonra gündəlikdəki bir sıra cari məsələlər müzakirə olunub. Bədii Şuranın ictimaiyyətlə növbəti görüşü fevralın 8-də Bakının Xəzər rayonuna təyin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.