MƏDƏNİYYƏT


AzTV-nin “Əsas məsələ” verilişinin növbəti buraxılışı Şərqi Zəngəzur iqtisadi rayonunda hazırlanıb

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan Televiziyasının (AzTV) “Əsas məsələ” verilişinin növbəti buraxılışı Zəngilan rayonunun ərazisindən axan Oxçuçayın Ermənistan tərəfindən sənaye tullantıları ilə çirkləndirilməsinə həsr edilib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumatına görə, televiziyanın çəkiliş qrupu “Əsas məsələ” verilişinin növbəti buraxılışını hazırlamaq üçün kameralarını yeni yaradılmış Şərqi Zəngəzur iqtisadi zonasında - Zəngilan rayonunun ərazisindən axan Oxçuçayın sahilində qurub.

Verilişin qonaqları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdirinin müavini Raqub Mirzəyev, professor Fərda İmanov və ekoloq Samir İsayev Ermənistan tərəfindən sənaye tullantıları ilə çirkləndirilən Oxçuçayın indiki vəziyyəti ətrafında müzakirələr aparıblar.

Məlumat üçün bildirək ki, Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalan çaylardan biri də Oxçuçaydır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, əslində, sənaye tullantılarını Ermənistanın bu bölgəsindən uzaqlaşdıran kollektor rolunu oynayır. Çayın suyu o qədər zəhərlənib ki, burada heç bir canlı yaşamır. Onun suyundan suvarmada istifadə edildiyi Zəngilan rayonu ərazisində torpaqlar da zəhərlənib və yetişdirilən məhsul əhalinin sağlamlığı üçün təhlükəlidir.

Oxçuçayın zəhərli sularının gələcəkdə Xudafərin su anbarına tökülməsi də bu günün ən aktual mövzularındandır.

Yuxarıda qaldırılan problemlər ətrafında müzakirələri 12 iyul saat 22:00-da Azərbaycan Televiziyasının “Əsas məsələ” verilişində izləmək olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.