REGİONLAR


AzTv-nin Bədii Şurasının üzvləri Gəncədə tamaşaçıların təkliflərini dinləyiblər

Gəncə, 17 aprel, Rauf Hacıyev, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına əsasən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində yaradılan Bədii Şuranın üzvləri Gəncəyə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi tamaşaçıların rəylərini yerində öyrənmək, onların irad və təkliflərini dinləməkdir.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təşkil edilmiş görüşdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Xalq artisti Ceyran Mahmudova, Əməkdar mədəniyyət işçisi Fəxriyyə Xələfova, Xalq artistləri Mübariz Tağıyev, Ramiz Quliyev, Mənsum İbrahimov, Fidan Hacıyeva, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu iştirak ediblər.

Görüşdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova bildirib ki, televiziya daim inkişaf etməli, günün tələblərinə cavab verməlidir: “Tarixi ənənələrə malik Azərbaycan Televiziyası gündən-günə inkişaf edir, forma və məzmun baxımından yeni verilişlər təqdim olunur. Tamaşaçıların rəy və təkliflərini öyrənmək məqsədi ilə Bədii Şuranın üzvlərinin Gəncəyə səfər etmələri, izləyicilərlə görüşmələri olduqca təqdirəlayiqdir. Belə görüşlərin keçirilməsi çox əhəmiyyətlidir”.

Xalq artisti Siyavuş Kərimi çıxış edərək deyib: “Səfərimizin əsas məqsədi Azərbaycan televiziya məkanındakı mövcud vəziyyəti tamaşaçılarla müzakirə etmək, onların fikirlərini öyrənmək, təkliflərini dinləməkdir. Bu gün Azərbaycan teleməkanında olan vəziyyət hamıya məlumdur. Düşünürəm ki, bu vəziyyət hər birimizi narahat edir və etməlidir. Sözsüz ki, biz bütün televiziyalara təsir edə bilmərik, lakin onlar üçün bir nümunəyə çevrilə bilərik. Bu işdə də bizə siz tamaşaçıların köməyi və dəstəyi vacibdir”.

Xalq artisti Mənsum İbrahimovun sözlərinə görə Bədii Şuranın ilk səfərinin Gəncəyə olması heç də təsadüfi deyil. “Gəncə qərb bölgəsinin mərkəzi olmaqla yanaşı, həmçinin Nizami yurdunun mədəniyyət beşiyidir. Biz istədik ki, bütün yaş təbəqələrindən olan insanlarla görüşək, onlarla səmimi şəkildə söhbət edək, tələbələrin, ziyalıların fikirlərini öyrənək. Tamaşaçıların hansı verilişlərə ehtiyac duyduğunu elə özlərindən soruşaq. Bizim hədəfimiz bu gün dünya teleməkanının ən sərt tələblərinə cavab verən, gözəl verilişlərin hazırlanmasıdır”, - deyə M.İbrahimov qeyd edib.

Görüşdə tamaşaçıların fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. İzləyicilər öz irad və təkliflərini Bədii Şuranın üzvlərinə çatdırıblar. Tamaşaçılar AzTv-nin efirində müxtəlif sahələri əhatə edən maarifləndirici verilişləri görmək istədiklərini bildiriblər. Gənc istedadların televiziya müsabiqələri vasitəsilə üzə çıxarılması, mütaliyəyə marağı artırmaq məqsədilə silsilə verilişlərin hazırlanması kimi təkliflər irəli sürülüb. Hazırlanan verilişlərin həm gənc, həm orta, həm də yaşlı nəslin nümayəndələrinin zövqünü oxşayacağına əminlik ifadə olunub.

Sonda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində yaradılan Bədii Şuranın üzvlərinin iştirakı ilə konsert proqramı təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.