MƏDƏNİYYƏT
Azad Cəfərli: Biz mədəni irslə maraqlanan subyektlərlə təmaslar qurub, erməni vandalizmi ilə bağlı məlumatları ötürmək niyyətindəyik
Bakı, 7 iyul, AZƏRTAC
Mədəniyyət Nazirliyi həm ölkə daxilində, həm də ölkə xaricində bilavasitə mədəniyyətlə bağlı fəaliyyətin icrasını təmin edir, eyni zamanda, beynəlxalq instansiyalarda ölkəmizi təmsil edir. Nazirlik ICESCO, UNESCO, ICOM, ICOMOS və digər təşkilatlarla, o cümlədən TÜRKSOY kimi beynəlxalq qurumlarla əməkdaşlıq edir və bu çərçivədə mədəniyyətimizin tərənnüm edilməsi, onunla bağlı materialların çatdırılması, maarifləndirmə işinin aparılması və digər məsələləri prioritet istiqamətlərdən biri hesab edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli heritage.gov.az saytının təqdimat mərasimində deyib.
Heritage.gov.az saytının təbliğat əhəmiyyətindən danışan Azad Cəfərli deyib: “Biz tarixi abidələrlə, mədəni irslə maraqlanan, bu və ya digər elmi tədqiqat işləri aparan subyektlərlə də təmaslar qurub, erməni vandalizmi ilə bağlı məlumatları ötürmək niyyətindəyik. Bu işdə biz Xarici İşlər Nazirliyi və bu idarənin xaricdə akkreditə olunmuş təmsilçiləri, o cümlədən tərəfdaş təşkilatların potensialından istifadə edirik”.