MƏDƏNİYYƏT


Azad Cəfərli: İlkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 385 tarix-mədəniyyət abidəsinə baxış keçirilib

Bakı, 22 oktyabr, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərdə dövlət qeydiyyatına alınmış 706 tarix və mədəniyyət abidəsi var. Dövlət qeydiyyatına alınan abidələrdən 6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji, 119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyətli arxeoloji, 393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidələr, 17-si dekorativ-tətbiqi sənət nümunələridir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli söyləyib.

Bildirib ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili” haqqında Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının 7.8-ci bəndinin icrası üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri işğaldan azad olunmuş rayonlara ezam edilmiş və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı vəzifələrin yerinə yetirilməsinə başlanılıb.

İndiyədək aparılmış ilkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 385 tarix-mədəniyyət abidəsinə baxış keçirildiyini vurğulayan A.Cəfərli deyib: "Bundan əlavə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 144 obyektin (yeni aşkar olunmuş abidə) monitorinqi aparılıb.

Baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdılaraq yalnız qalıqlarının qaldığı, müdaxilələrin olunduğu və vandalizmə məruz qaldığı aşkar edilib".

A.Cəfərli diqqətə çatdırıb ki, həmçinin aparılan ilkin monitorinqlər zamanı 864 mədəniyyət müəssisəsi aşkar edilib. “Onlardan 462-si kitabxana, 348-i klub müəssisəsi, 20-si muzey, 26-sı uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur.

Monitorinqlərlə bağlı məlumatlar Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam və Kəlbəcər rayonlarını əhatə edir.

Təəssüf ki, işğaldan azad olunmuş ərazilərdə yerləşən mədəni irs nümunələrinin, mədəni irs obyektlərinin əksəriyyəti dağıdılıb.

Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri içərisində məscidlər, türbələr xüsusi yer tutur. Bu qəbildən olan tarixi abidələr nəinki dağıdılıb, bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli mənəvi dəyərləri təhqir edilib", - deyə xidmət rəisi qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.