REGİONLAR


Azad Mirzəcanzadə neft-qaz mexanikası sahəsində bütöv bir elmi istiqamət yaradıb

Naxçıvan, 18 oktyabr, AZƏRTAC

Akademik Azad Mirzəcanzadə neft-qaz mexanikası sahəsində bütöv bir elmi istiqamət yaradıb. Həmçinin neft-qaz yataqlarının dinamik analizi ilə bağlı sanballı elmi məqalələr, kitab və monoqrafiyalar hazırlayıb. Görkəmli alim 500-ə yaxın elmi məqalənin, 100-dək monoqrafiya, dərslik və dərs vəsaitinin, 50-dən çox ixtira və patentin müəllifidir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə AMEA Naxçıvan Bölməsində görkəmli alim, Əməkdar elm və texnika xadimi, Dövlət mükafatı laureatı, akademik Azad Mirzəcanzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunan tədbirdə bəhs olunub.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Prezident İlham Əliyevin “Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi haqqında” 2018-ci il 6 iyul tarixli Sərəncamının əhəmiyyətindən, görkəmli alimin elmi xidmətlərindən danışıb.

“Azad Mirzəcanzadənin rəhbərliyi altında 300-dən çox elmlər namizədi, 120 elmlər doktoru hazırlanıb”, – deyən İsmayıl Hacıyev vurğulayıb ki, onun yetirmələri bu gün Azərbaycanla yanaşı, Rusiya, ABŞ, Vyetnam, Almaniya və digər xarici ölkələrdə yüksəkixtisaslı kadrlar kimi fəaliyyətlərini davam etdirirlər.

Qeyd olunub ki, dünya şöhrətli alim müxtəlif illərdə Rusiya Təbii Elmlər, Başqırdıstan Elmlər və Ukrayna Neft-Qaz akademiyalarının həqiqi üzvü seçilib. İki dəfə Azərbaycan Dövlət mükafatı laureatı, üç dəfə Akademik İ.M.Qubkin adına mükafat laureatı olub. P.Kapitsa adına medala, Vyetnam Respublikasının “Vyetnamın Qəhrəmanı” qızıl ulduzuna, həmçinin Azərbaycan Respublikasının “İstiqlal” ordeninə layiq görülüb.

Sonra bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasovun “Akademik Azad Mirzəcanzadənin həyat yolu və elmi fəaliyyəti”, Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbovun “Akademik Azad Mirzəcanzadənin dünya şöhrəti” mövzularında məruzələri dinlənilib.

Sonda AMEA-nın müxbir üzvləri Əbülfəz Quliyev və Fəxrəddin Səfərli çıxış edərək, alimin Azərbaycan elminin inkişafındakı xidmətlərindən danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.