İDMAN
Azad Rəhimov: Azərbaycan dünyanın ən mötəbər idman yarışlarına uğurla ev sahibliyi edir
Bakı, 25 noyabr, Elşad Qəzvini, AZƏRTAC
Noyabrın 25-də Bakıda Beynəlxalq Kanoe Federasiyasının (ICF) XXXVI Konqresinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov 89 ölkənin 200-dən çox nümayəndənin qatıldığı mötəbər toplantının Bakıda keçirilməsindən məmnunluğunu bildirib. İdmanın inkişafının Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd edən A.Rəhimov deyib: “Azərbaycan dünyanın ən mötəbər idman yarışlarına uğurla ev sahibliyi edir. Ölkəmiz “Bakı-2015” birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etdi. Oyunlarda 350-dən çox idmançının qatıldığı kayak və kanoe yarışları böyük marağa səbəb oldu. Bundan başqa, Formula-1 Avropa Qran-prisi bütün dünyanın diqqətini Azərbaycana yönəltdi. Gələn il Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bütün bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir. Oyunlar zamanı kayak və kanoe yarışlarının keçirildiyi Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzini xüsusi qeyd etmək istərdim. Bu idman qurğusunun ölkəmizdə avarçəkmənin inkişafında böyük rolu var. İdmançılarımız 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında həm kişilər, həm də qadınlar arasında kanoe və kayak yarışlarında uğurlu nəticələr göstəriblər. Onların gümüş və bürünc medal qazanmalarını fəxrlə qeyd edərdim”.
A.Rəhimov ICF-nin XXXVI Konqresinin Bakıda keçirilməsində Azərbaycana etimad göstərdiyinə görə ali qurumun rəhbərliyinə minnətdarlığını bildirib və tədbirin işinə uğurlar arzulayıb.
Sonra ICF-in prezidenti Xose Perurena Lopez hesabat məruzəsi ilə çıxış edib. O, ötən müddətdə görülmüş işlərdən, yeni kanoe növlərinin Yay Olimpiya Oyunlarının proqramına salınması perspektivindən danışıb. Qurumun rəhbəri sakit sularda kanoenin (wildwater) də 2024-cü il Olimpiadasının proqramında yer almasının mümkünlüyünü vurğulayıb.
Çıxışlardan sonra ICF-in prezidenti, vitse-prezidentləri, kanoe-sprint, kanoe-slalom, kanoe-marafon və digər növlər üzrə sədrlər, ayrı-ayrı qitələr üzrə nümayəndələr vəzifəsinə seçkilər keçirilib. Qurumun hazırkı rəhbəri Xose Perurena Lopez səsvermə nəticəsində növbəti dörd il müddətinə ICF-in prezidenti seçilib.
Konqres işini noyabrın 26-da başa çatdıracaq.