CƏMİYYƏT
Azad Rəhimov: Könüllülər mötəbər tədbirlərin təşkilində yüksək fəallıq göstərirlər VİDEO
Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də “Baku Crystal Hall”da könüllülərin iştirakı ilə Novruz şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, idman ictimaiyyətinin nümayəndələri və könüllü gənclər iştirak ediblər. Dördüncü İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsi, Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan bayram tədbirinin məqsədi təşkilatçılarla könüllülər arasında əməkdaşlığın gücləndirilməsidir.
Gənclər və idman naziri Azad Rəhimov tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, son illər ölkəmizdə çoxminli vətənpərvər könüllü ordusunun formalaşdığını qeyd edib. Bildirib ki, məqsəd onlarla birgə Novruz bayramını qeyd etmək və qarşıdan gələn mötəbər tədbirlərdə fəal əməkdaşlıqdır. Milli bayramı könüllülərlə birgə qeyd etməyin əhəmiyyətini vurğulayan A.Rəhimov son illərdə onların mötəbər yarışlar, xüsusilə birinci Avropa Oyunları zamanı fəaliyyətlərinin təqdirəlayiq olduğunu deyib.