SİYASƏT


Azad edilən torpaqlarda görülən işlər, həyata keçirilən layihələr dövlətimizin gücünü bir daha göstərir

Bakı, 16 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri həmişə böyük maraq və ruh yüksəkliyi ilə qarşılanır. Dövlətimizin başçısının hər səfəri həm də böyük əhəmiyyət daşıyan əlamətdar hadisələrlə yadda qalır. Azərbaycan Prezidentinin budəfəki səfərində də ilkin infrastruktur layihələrinin təməlqoyma mərasimlərinin keçirilməsinin və açılışının şahidi olduq. Dövlətimizin başçısı qeyd etdiyi kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər bunu deməyə əsas verir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymaqla, yeni dəmir yolu infrastrukturunun yaradılması işini başlatmış oldu. Heç şübhəsiz, bu sektorda ən böyük layihə Azərbaycanı Naxçıvanla birləşdirəcək Mehri nəqliyyat-kommunikasiya infrastrukturu olacaq ki, hazırda bunun üçün hazırlıq işləri aparılır. Bunu strateji əhəmiyyət daşıyan layihə kimi dəyərləndirən dövlətimizin başçısı onun qardaş Türkiyə ilə Azərbaycan arasında xüsusi əhəmiyyətli kommunikasiya olacağını da bildirdi.

“Prezident İlham Əliyev Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının (SES) açılışında iştirak etdi. Bu, işğaldan azad olunan rayonlarda dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. “Güləbird” SES-nin istifadəyə verilməsi ilə 7 min nəfər elektrik enerjisindən faydalanacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Laçında, Kəlbəcərdə mövcud olan SES-lərin yenidən qurulması, eləcə də “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının tikilməsi işğaldan azad olunmuş ərazilərdə generasiya gücünün qısa zamanda 240 meqavata çatdırılmasına imkan verəcək. Bu da çox böyük gücdür”, - deyə Tamam Cəfərova qeyd edib.

“Ağıllı kənd” layihəsinə toxunan deputat diqqətə çatdırıb ki, yeni bərpa layihələri yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri kimi mühüm prinsiplər üzərində qurulacaq. Onun sözlərinə görə, müharibənin başa çatmasından cəmi 3 ay keçməsinə baxmayaraq, qısa müddətdə xeyli iş görülüb. Görülən işlər, həyata keçirilən layihələr dövlətimizin gücünü göstərən amillərdəndir. Bütün bunlar onu deməyə əsas verir ki, cəmi 44 gün ərzində ərazi bütövlüyünü bərpa edən Azərbaycan həmin torpaqlara böyük qayıdışı qısa zamanda təmin edəcək.

Tamam Cəfərova, eyni zamanda, deyib: “Prezident İlham Əliyev Qarabağın bərpası ilə bağlı geniş layihələr haqqında məlumat verməklə bərabər, həm də düşmənə də xəbərdarlıq mesajları göndərdi. Dövlətimizin başçısı mesaj verdi ki, Azərbaycanı növbəti təxribatlar və müharibə ilə hədələməyə çalışanlar “dəmir yumruğun” yerində olduğunu unutmamalıdır. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Biz heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi yenidən baş qaldırsın.

Azərbaycan hazırda heç vaxt olmadığı qədər güclü dövlətdir və heç bir qüvvə onu sarsıda bilməz. Qarabağın bərpası və burada həyata keçirilən infrastruktur layihələri nəticəsində dövlətimiz daha da güclənəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.