REGİONLAR
Azad edilmiş ərazilərdə işləyəcək qrupların üzvləri üçün təhlükəsizlik tədbirlərinə dair təlim keçirilib
Göygöl, 5 avqust, Elcan Məmmədov, AZƏRTAC
Avqustun 5-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Göygöldəki bazasında mina və partladıcı sursatlar, eləcə də təhlükəsizlik tədbirlərinə dair təlim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə işləyəcək qrupların üzvləri mina və partlamamış hərbi sursatlar, tələ-mina, təhlükəli ərazilərdə davranış qaydaları, həmçinin minalanmış ərazilər haqqında xəbər vermək və digər mövzular barədə məlumatlandırılıblar.
Təlimdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra ANAMA-nın Əməliyyat İdarəsinin Təlim və keyfiyyətə təminat şöbəsinin baş mütəxəssisi Musa Məmmədov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpası üçün İqtisadiyyat Nazirliyinin nəzdində yaradılmış işçi qrupların üzvləri müntəzəm belə təlimlərə cəlb olunurlar. “Müxtəlif dövlət idarələrinin mütəxəssislərindən ibarət olan bu qruplar həmin ərazilərdə binalara, suvarma və digər infrastruktur sistemlərinə baxış keçirir, inkişaf proqramları hazırlayırlar. Bu qrupların üzvləri o ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi ilə qarşılaşa bilərlər. Bu təhlükə ilə qarşılaşan zaman hansı addımları atmalı olduqları və hara məlumat vermələrini bilmələri baxımından bu təlimlərin keçirilməsi vacibdir,” - deyə M.Məmmədov diqqətə çatdırıb.
Təlim iştirakçıları bu cür məlumatların öyrənilməsinin onların həyat təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulayıblar. “Getdiyimiz yerlərdə hansı təhlükələrlə qarşılaşa biləcəyimiz və bu zaman nə etməli olduğumuzu əyani şəkildə öyrəndik. Piyada əleyhinə, tank əleyhinə minalar, partlamış və partlamamış sursatlarla bağlı geniş məlumat verildi. İşğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərən hər kəsə təlimatlardan kənara çıxmamağı və işlək yollardan istifadə etməyi tövsiyə edirəm”, - deyə Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Möhübbət Səmədov AZƏRTAC-a bildirib.
Sonda iştirakçılara təlimat kitabçaları paylanılıb.