CƏMİYYƏT
Azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə töhfə verəcək
Bakı, 22 oktyabr, AZƏRTAC
İqlim dəyişmələri müasir dövrün ən ciddi ekoloji çağırışlarından biridir. İqlim dəyişmələrinin təsirləri ölkəmizdə də özünü anomal hidrometeoroloji hadisələrin intensivliyinin artması ilə büruzə verir. Bu da adekvat adaptasiya tədbirlərini ön plana çəkir. Təhlükəli hidrometeoroloji hadisələrə qarşı dayanıqlığı təmin etmək məqsədilə ölkəmizdə erkən xəbərdarlıq sistemi təkmilləşdirilir.
Azərbaycan Respublikası 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto protokolunu ratifikasiya edərək qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkəmiz Paris Sazişini 2016-cı ildə ratifikasiya edib, 1990-cı illə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf götürüb. Hazırda “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” sənədinə yenidən baxılmaqdadır və hədəfin daha da artırılması istisna edilmir.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev BMT Günü və Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP26) həsr olunmuş tədbirdə deyib.
R.Hacıyev qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” yanaşmalarının tətbiqi və yaşıl enerji zonasının yaradılması bilavasitə qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə töhfə verəcək. Eyni zamanda, ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində öz əksini tapmış hədəflər bu sahədə beynəlxalq təşəbbüslərlə tam uzlaşır.
“İqlim dəyişmələri ilə bağlı problemin aktuallığı nəzərə alınaraq, hələ 1997-ci ildə ölkədə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası yaradılıb. Ötən il yeni tərkibdə təsdiq edilmiş Dövlət Komissiyasının fəaliyyəti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası üzrə öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.
Qeyd etmək istərdim ki, iqlim dəyişmələrinə təsirlərin azaldılması və bu təsirlərə uyğunlaşma sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi BMT-nin müxtəlif təsisatları ilə uzun illərdir məqsədyönlü əməkdaşlıq edir. Hesab edirəm ki, bu əməkdaşlıq önümüzdəki illərdə də uğurla davam edəcək”, - deyə nazir müavini çıxışını yekunlaşdırıb.