REGİONLAR
Azad edilmiş ərazilərdən atəş səsi yox, körpə sədası gəlir – Ağalıdan reportaj VİDEO
Zəngilan, 1 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Otuz ildən sonra Zəngilan rayonunun Ağalı kəndində ilk uşağın dünyaya gəlməsini hər birimiz sevinclə qarşıladıq. Çünki işğaldan azad edilən ərazilərimizdə atəş səslərini indi körpə sədası, beşiyindəki körpəsinə layla oxuyan anaların xoş avazı əvəzləyib. Zeynalovlar ailəsində dünyaya gələn uşağa Turan adı qoyulub.
AZƏRTAC-ın bölgə müxbiri Ağalı kəndində Zeynalovlar ailəsinin qonağı olub, onların sevincini bölüşüb.
Turanın anası Mədinə Zeynalova keçirdiyi hisslərin əvəzolunmaz olduğunu bildirib: “Sevinirik ki, 30 il sonra uşaqlarımız dədə-baba yurdumuzda dünyaya göz açır, burada böyüyüb yaşayacaqlar. Sevinirik ki, öz torpaqlarımıza qayıtmışıq və burada ilk oğul övladı bizim ailədə dünyaya gəlib. Ayağı düşərli olsun! Bizim öz uşaqlığımız doğma yurdumuzda keçməyib. Arzu edirəm ki, övladım ata yurdunda böyüyüb boya-başa çatsın. Bütün arzuları öz torpağında yerinə yetsin”.
Mədinə xanım uşağa Turan adı verilməsinə də aydınlıq gətirib. “Ailə olaraq qərara gəldik ki, övladımızın adını şanlı Ordumuzun Qələbəsinə görə Turan qoyaq. Arzu edirəm ki, oğlum Azərbaycanın igid oğlanlarından biri olsun. Vətənə, millətə xeyirli övlad olsun”, – deyə o vurğulayıb.
Turanın atası Teymur Zeynalov oğlunun doğma yurdunda dünyaya gəlməsinə, övladlarının bu torpaqlarda böyüyəcəyinə görə sevinclidir: “Ağalı kəndində anadan olsam da, burada böyüyüb boya-başa çatmaq mənə nəsib olmadı. Kəndimizdən məcburi köçkün düşdük. Uşaqlığım köçkünlükdə keçdi. Həmişə arzu edirdim ki, öz torpaqlarımıza qayıdaq, övladlarımız ata yurdumuzda böyüsünlər. Bu arzum yerinə yetib. Prezidentimizin, şəhidlərimizin, qazilərimizin sayəsində torpaqlarımıza qayıtmışıq. Ağalıda ilk oğlan övladı bizim ailədə dünyaya gəlməsinin sevincini yaşayırıq. Sevinirəm ki, övladlarım doğma torpaqlarımızda böyüyəcəklər”.
Zeynalovlar ailəsinin iki qız övladı da var. Leyla Ağalı kənd orta məktəbində birinci sinfə, Əsma isə məktəbəhazırlıq qrupuna gedir.