CƏMİYYƏT
Azad olunmuş ərazilərdə yaradılacaq müasir infrastruktur bölgənin dayanıqlı inkişafını təmin edəcək
Bakı, 7 yanvar, AZƏRTAC
Müasir infrastrukturun yaradılması bölgənin inkişafının əsas strateji hədəflərindən biridir. Çünki infrastruktur ərazinin iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgənin hərtərəfli inkişaf imkanlarını müəyyənləşdirir. Bu mənada, əminliklə söyləmək olar ki, Füzuli beynəlxalq aeroportunun inşası Qarabağ bölgəsinin inkişafına böyük təkan olacaq. Prezident İlham Əliyev ötən ilin yekunlarına həsr olunmuş müşavirədə Laçın, ya da Kəlbəcər rayonunda da yeni beynəlxalq hava limanının tikiləcəyini bəyan etdi. İki beynəlxalq aeroport Qarabağ zonasını bərpa etmək, yüklərin daşınması, turizmin inkişafı üçün geniş imkanlar açacaq. Bu, eyni zamanda, öz doğma yurdlarına qayıdan soydaşlarımızın rahatlığı üçün də vacibdir. Ümumiyyətlə, nəqliyyat qovuşuğunda yerləşən və artıq aviaəlaqə mərkəzinə çevrilən Füzuli relyef və coğrafi imkanlar, beynəlxalq hava limanı statusuna uyğun infrastruktur qurmaq imkanları baxımından ən ideal yerdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin ötən ilin yekunlarına həsr olunmuş müşavirədə də qeyd etdiyi kimi, məhz bu hava limanına bütün növ təyyarələr enəcək. Yəni, Şuşaya gəlmək istəyən xarici qonaqlar artıq rahat şəkildə Füzuliyə enib, oradan avtomobillə Şuşaya gedəcəklər. Dövlət başçısının tapşırığına əsasən, aeroportun tikintisi ilə paralel olaraq Füzuli şəhərindən beynəlxalq uçuşların təşkili ilə bağlı ilkin araşdırmalar aparılacaq və aeroport açılandan sonra dərhal bizim qonşu ölkələrin bəziləri ilə hava nəqliyyatı təmin ediləcək.
K.Nurullayeva qeyd edib ki, Prezidentin tapşırığı ilə sosial, iqtisadi, humanitar, hüquqi və digər məsələlər üzrə yaradılan işçi qrupları, hazırlanan Strateji Fəaliyyət Planı əsasında işlər bütün istiqamətlər üzrə planlı və kompleks yanaşma əsasında həyata keçirilir. Dövlət başçımızın tapşırığına əsasən, dəmir yolları ilə də bağlı hazırlıq işləri gedir. Horadiz-Füzuli, Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur. Cənab Prezident də qeyd etdi - Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün dəmir yolunun da çəkilməsi mütləqdir və Şuşaya vətəndaşlar qayıdandan sonra, bu yol istismara veriləcək. Digər vacib layihələrdən biri də çətin relyefdən keçən Toğanalı - Kəlbəcər yoludur. Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna qədər davam etdiriləcək. Beləliklə, iki tərəfdən – şimaldan və cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradılacaq.
Deputat, eyni zamanda, Horadizdən Zəngilana, oradan Qubadlıya və Laçın rayonuna qədər yolun çəkilişi üzrə də hazırlıq işlərinin getdiyini bildirib. Onun sözlərinə görə, azad olunmuş ərazilərimizdə bütün kommunikasiyalar açılacaq, müasir infrastruktur yaradılacaq. Aydındır ki, bölgənin sosial-iqtisadi mühitinin davamlılığı əsasən infrastrukturun inkişaf səviyyəsindən və etibarlılığından asılıdır. İnfrastruktur həm də iqtisadiyyatın əsas sahələrində özəl sahibkarlığın əlverişli inkişafını təmin edir, əhalinin tələbatını ödəyir. İnfrastrukturun istər iqtisadi, istərsə də sosial üstünlüklərini nəzərə alsaq, əminliklə demək olar ki, azad olunmuş ərazilərimizdə yaradılan müasir infrastruktur bölgənin dayanıqlı inkişafını təmin edəcək.