MƏDƏNİYYƏT
Azadə Hüseynova: Mədəni sərvətlərin intekrativ ümumi veb-saytının hazırlanmasına zərurət var
Bakı, 20 iyun, AZƏRTAC
Mədəni sərvətlərin ekspertizası, tarixi, bədii-elmi dəyərinin müəyyənləşdirilməsi və respublikadan çıxarılması üçün şəhadətnamə və icazə sənədlərinin verilməsi sahəsində elektron xidmətlərin göstəriləcəyi veb-saytın hazırlanması istiqamətində işlər yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mədəniyyət Nazirliyində struktur bölmələrin iştirakı ilə keçirilən kollegiya iclasında qurumun Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova deyib.
Bildirib ki, mədəni sərvətlərin əhəmiyyəti nəzərə alınaraq 2018-ci ildə nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsi yaradılıb və şöbənin daxilində Mədəni sərvətlərə nəzarət və reyestrlər sektoru təşkil edilib. Məsələ ilə əlaqədar şöbə tərəfindən bu sahənin qanunvericilik, idarəçilik, maliyyələşmə, elmi-metodik, maddi-texniki və beynəlxalq təminat mexanizminin təkmilləşməsi istiqamətində təkliflər hazırlanıb və sahənin inkişafı üçün bir sıra layihələr həyata keçirilib. Azərbaycanın milli mədəniyyət nümunələrinə nəzarətin gücləndirilməsi, onların qeydiyyata alınması və sistemləşdirilməsi məqsədilə reyestrlər, portallar və saytlar yaradılıb.
Azadə Hüseynova Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsi tərəfindən muzey əşyalarının mühafizə portalının yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, hazırda aparıcı muzey və xatirə muzeyləri, tarix-diyarşünaslıq muzeyləri tərəfindən muzey fondlarında qorunan eksponatlar haqqında məlumatlar həmin portala daxil edilir. Portalın yenilənmiş istifadə qaydalarının izah edilməsi məqsədilə rayonlarda fəaliyyət göstərən muzeylər üçün üç mərhələdən ibarət regional idarələr tərəfindən treninqlərin təşkili nəzərdə tutulub. Bu istiqamətdə ilk treninq Qəbələ şəhərində keçiriləcək.
Şöbə müdiri, həmçinin bildirib ki, mədəni sərvətlərin intekrativ ümumi veb-saytının hazırlanmasına zərurət var. Bununla da digər qurumlarla mədəni sərvətlərin qorunması istiqamətində əməkdaşlığın səmərəliliyini artırmaq olar.