CƏMİYYƏT
Azadlığa çıxan məhkumların cəmiyyətə adaptasiya məsələsi ilə bağlı zəruri tədbirlər görülür VİDEO
Bakı, 11 noyabr, AZƏRTAC
Amnistiya aktının imzalandığı günün ertəsi günü - noyabrın 6-da Penitensiar Xidmət üzrə 36 məhkum azadlığa buraxılıb.
AZƏRTAC xəbər verir ki, bunu Zəfər Günü münasibətilə elan olunmuş amnistiya aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda KİV-in iştirakı ilə təşkil olunan dəyirmi masada çıxış edən Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.
M.Ələkbərov qeyd edib ki, bu günədək ümumilikdə Penitensiar Xidmət üzrə 101 məhkuma amnistiya aktı şamil olunub. Amnistiya aktının şamil olunduğu məhkumlar arasında 70 qadın var. Amnistiya aktı 6 yeniyetməyə də şamil ediləcək. Onların yarısının cəzası azaldılacaq, yarısı isə azadlığa buraxılacaq.
“Azadlığa buraxılacaq məhkumların cəmiyyətə adaptasiya ilə bağlı tədbirlər görülüb. Amnistiya ilə azadlığa buraxılacaq məhkumların cəmiyyətə adaptasiya ilə bağlı aidiyyəti qurumlar tərəfindən də işlər görülür. Həmin məhkumlar reabilitasiya və adaptasiya prosesi çərçivəsində müraciət edərək zəruri yardımlar ala bilərlər. Hər bir məhkum dövlət tərəfindən diqqət mərkəzində saxlanılır”.