CƏMİYYƏT
“Azadlığa gedən yol” adlı şeir və rəsm müsabiqəsi keçirilib
Bakı, 10 yanvar, AZƏRTAC
Yanvarın 10-da Salyan rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 2 saylı tam orta məktəbdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar - ümummilli hüzn gününə həsr edilmiş “Azadlığa gedən yol” adlı şeir və rəsm müsabiqəsi keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, Salyan rayon gənclər və idman idarəsinin rəisi Araz Hüseynov xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsi haqqında məlumat verib. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir neçə rayonuna sovet qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilərək, dinc əhaliyə amansız divan tutulub. Həmin vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev hadisənin ertəsi günü ailə üzvləri ilə birgə Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu qanlı cinayəti pisləyən bəyanat verib, xalqımıza qarşı törədilmiş haqsızlığı dünyaya çatdırıb, günahkarların cəzalandırılmasını qətiyyətlə tələb edib. Ümummilli Lider xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra bu məsələni yenidən gündəmə gətirib, faciəyə hüquqi-siyasi qiymət verilib.
Daha sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Münsiflər heyətinin qərarı ilə şeir və rəsm müsabiqələrində qalib gələn şagirdlər Salyan rayon gənclər və idman idarəsi tərəfindən təltif olunublar.