MƏDƏNİYYƏT
Azadlığın mübarək – Vətən!
Bakı, 15 oktyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad olunmasına həsr olunmuş “Azadlığın mübarək – Vətən!” adlı tədbir təşkil olunub.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və işğal altında olan torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndəsi Əbil Vəliyev, Füzuli rayon Qazilər Şurasının sədri, I və II Qarabağ müharibələri iştirakçısı, xeyriyyəçi Nəriman Xəliloğlu, filologiya üzrə fəlsəfə doktoru Faiq Şükürbəyli, Füzuli rayon sakini, I Qarabağ müharibəsi veteranı İlqar Həsənov, Cəbrayıl rayon Cocuq Mərcanlı kənd orta məktəbinin müəllimi Səidə Quliyeva və şagirdləri iştirak ediblər.
Xətai rayon MKS-nin əməkdaşları Təranə Quliyeva və Fəridə Cəfərova Cəbrayıl və Füzuli rayonları haqqında geniş məlumat veriblər.
Cəbrayıl rayon icra nümayəndəsi Əbil Vəliyev işğal olunmuş torpaqlarımızı azad edən şücaətli hərbçilərimizlə fəxr etdiyini qeyd edərək, şəhidlərimizin qanının yerdə qalmadığını, onların tarixdə yaşayacağını bildirib.
Füzuli rayon Qazilər Şurasının sədri, I və II Qarabağ müharibələri iştirakçısı, xeyriyyəçi Nəriman Xəliloğlu Vətən müharibəsi başlayan zaman Azərbaycanın Baş Komandanına müraciət edərək, müharibədə iştirak etmək istədiyini bildirdiyini söyləyib.
Sonra Cəbrayıl rayon Cocuq Mərcanlı kənd orta məktəbinin müəllimi Səidə Quliyeva qeyd edib ki, gəncliyimizi, uşaqlığımızı orada qoyub gəlmişik: “Böyük Qayıdış Cocuq Mərcanlı ilə başlandı. Biz bu Böyük Qayıdışın yolçularıyıq”.
Sonda Xətai rayon MKS-nin direktoru tədbirdə iştiraklarına görə qonaqlara təşəkkürünü bildirərək deyib: “Otuzillik həsrətdən sonra yenidən dağlı-aranlı Qarabağa qovuşduq, vahid Azərbaycan olduq. Qarabağ bizim idi, bizim də oldu. İşğal altındakı torpaqlarımızın azadlığı uğrunda mübarizədə qanlarından, canlarından keçmiş şəhidlərimiz, sağlamlıqlarını qurban vermiş qazilərimiz başımızın tacı, and yerimiz, fəxrimiz, qürurumuzdur. Onlar heç vaxt unudulmayacaq və unutdurulmayacaq”.
Bədii hissədə vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib.