MƏDƏNİYYƏT


“Azadlıq aşiqləri günü-20 Yanvar” rəsm müsabiqənin yekun sərgisi açılıb

Bakı, 18 yanvar , AZƏRTAC

Bakı Xətai Sənət Mərkəzində “Azadlıq aşiqləri günü-20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.

Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov 20 Yanvar faciəsi ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan xalqının yaxın tarixinin şanlı və unudulmaz səhifələrindən biri də 20 Yanvar faciəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu paytaxtın müxtəlif istiqamətlərindən şəhərə daxil olaraq dinc sakinlərə divan tutdu, günahsız insanlar gülləboran edildi, yüzlərlə insan yaralandı. Həmin dəhşətli gecədə şəhid olaraq azadlıq yolunda canını qurban verənlər də oldu. Qanlı şənbə gecəsindən sonra da xalqımız qorxmadan küçələrə axışaraq müqəddəs yolda qurban gedən Vətən övladlarını izdihamla son mənzilə yola saldı. İyirmi Yanvar gecəsi baş verənlər qürur və iftixar yerimizdir. Çünki o dəhşətli gecə milli düşüncəmizdə dəyişikliyə səbəb oldu, xalqımız bir amal ətrafında sıx birləşdi. Azərbaycan xalqı azadlığımızın memarlarının əziz xatirəsini heç zaman unutmayacaq.

Vətənin müstəqilliyi uğurunda canından keçən insanların xatirəsini əbədiləşdirmək üçün hər il ənənəvi olaraq Xətai Sənət Mərkəzində sərgi təşkil edilməsini yüksək qiymətləndirən natiq, təşkilatçılara və iştirakçılara təşəkkür edib.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov sərginin əhəmiyyətindən danışıb, 20 Yanvar şəhidlərinin qürur və qəhrəmanlıq nümunəsi olduğu qeyd ediblər.

Qeyd edilib ki, müsabiqəyə 400-ə yaxın uşaq 700-dək əsərlə qatılıb. Münsiflər heyətinin qərarı ilə 110 uşağın işi sərgidə nümayiş edilmək üçün seçilib. Sərgidə nümayiş olunan120-dək sənət əsərinin müəllifləri sonda diplomla təltif olunublar.

Müsabiqədə seçim iki yaş kateqoriyası üzrə - 12 yaş qədər və 12-17 yaşarası aparılıb. Müsabiqədə Bakı və Bakıətrafı qəsəbələrdən, həmçinin Masallı, Lənkəran, Sumqayıt, Quba, Qax, bölgələrin məktəbliləri, o cümlədən 1 nömrəlı Uşaq Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyası, 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi, 5 nömrəli Uşaq İncəsənət Məktəbi, H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzi rəsm Kursu, Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbi, Masallı rayon onbirillik İncəsənət Məktəbinin rəssamlıq şöbəsi, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, Zəngin Tədris Mərkəzi və başqa kollektivlər xüsusi fəallıq göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.