İQTİSADİYYAT
Azadlıq prospektinin daha bir hissəsi təmir edilib VİDEO
Bakı, 2 iyun, AZƏRTAC
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə “Azəravtoyol” ASC tərəfindən Azadlıq prospektinin daha bir hissəsi təmir olunub.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir olunmuş hissənin uzunluğu təqribən 450 metrdir və Cəfər Xəndan küçəsi ilə Məsud Davudoğlu küçəsinin (6 mikrorayon istiqaməti) kəsişməsi arasında yerləşir.
Bu işlər çərçivəsində ikiqat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə 10 min kvadratmetr ərazi asfaltlanıb.
Bundan başqa, təmir işləri zamanı səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi və yağış barmaqlıqları yenilənib, 900 poqonmetr köhnə səki daşları yeniləri ilə əvəzlənib.
Prospektin təmir işləri aparılan hissəsində yerləşən köhnə avtobus dayanacaqlarının ərazisi genişləndirilərək, uzunluğu 20 metr, eni isə 3,5 metr olan xüsusi “cib”li dayanacaqlar yaradılıb.
Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb və yolun hərəkət hissəsinə yol cizgi, yol göstərici xətlərin çəkilişi işləri də aparılıb.
Hazırda prospektin digər hissəsində - Məsud Davudoğlu və Süleyman Sani Axundov küçələri arasında yerləşən ərazidə təmir-tikinti işləri davam etdirilir. İşlər tərtib olunmuş cədvələ uyğun həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Həmçinin ilkin mərhələdə Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Biləcəri-Baksol avtomobil yolunun kəsişməsinədək olan 3,2 kilometrlik hissəsinin təmir olunması planlaşdırılır.