İDMAN


Azadxan Qasımov: “Xan” idman klubunun dünya kubokunda böyük nailiyyətlər qazanacağına inanırıq VİDEO

Bakı, 1 may, AZƏRTAC

“Xan” idman klubunun dünya kuboku yarışında böyük nailiyyətlər əldə edəcəyinə inanırıq.

Bu sözləri Azərbaycan Kyokuşinkay Karate və Ciyutaido Federasiyasının məşqçisi, “Xan” idman klubunun rəhbəri, dəfələrlə respublika və beynəlxalq turnirlərin qalibi, II Dan qara kəmər ustası, beynəlxalq dərəcəli hakim Azadxan Qasımov AZƏRTAC-a müsahibəsində deyib.

Bakıda keçiriləcək ciyutaido üzrə dünya kubokuna hazırlıq prosesindən danışan A.Qasımov bildirib: “Dünya kubokunda 14 idmançı ilə çıxış edəcəyik. Turnirdə dünya çempionatının və kubokunun, İslam Həmrəyliyi Oyunlarının qalibləri və respublika çempionatlarında dəfələrlə qızıl medal qazanan idmançılar çıxış edəcəklər. Bu turnirə ümumiyyətlə 15 ölkə qatılacaq. Bu turnirin bizim üçün ən böyük əhəmiyyəti ondan ibarətdir ki, dünya kuboku Bakıda keçirildiyi üçün ev sahibliyini "Xan" klubu edəcək. Buna görə də tələbələrimin ən azı 8-9 medal qazanacaqlarına inanıram".

Dünya çempionatının qalibi və dünya kuboku yarışlarının qızıl medalçısı Fidan İsmayıllı özünə çox inandığını və bu yarışda böyük nailiyyətlər əldə edəcəyni bildirib.

Səkkiz dəfə ölkə birinciliyinin qalibi və dünya kubokunun sahibi olan Rafael Əmrahov isə bu yarışa xüsusi həvəslə hazırlaşdığını vurğulayıb. O, idmana böyük marağının məşqçisi A.Qasımovun əməyinin nəticəsi olduğunu qeyd edib.

İslam Həmrəyliyi Oyunlarının və dünya kubokunun qalibi Kamil Əliyev isə təkcə bu yarışda deyil, gələcəkdə də Azərbaycan bayrağını dalğalandıracağına əminliyini bildirib.

Məşqlərə yeni qoşulan idmançılardan İlham Məlikzadə A.Qasımovun onda bu idman növünə böyük həvəs oyatdığını qeyd edib. O bildirib ki, ən böyük arzusu gələcəkdə digər yoldaşları kimi, Azərbaycan bayrağını dünya arenalarında dalğalandırmaq, himnimizi səsləndirməkdir.

Qeyd edək ki, A.Qasımov 2011-ci ildə “Ən yaxşı məşqçi”, 2013-cü ildə “Ən yaxşı hakim”, 2018-ci ildə isə “İlin ən ədalətli hakimi”, “Respublika üzrə ilin müəllimi” adlarına layiq görülüb. “Xan” idman klubu isə “İlin komandası” olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.