İQTİSADİYYAT
“Azalternativenerji” MMC “Turcas Enerji Holding A.Ş.” şirkəti ilə birgə 2017-ci ildən geotermal elektrik enerjisi istehsalına başlayacaq

Bakı, 27 iyul, Nihat Budaqov, AZƏRTAC
Türkiyənin “Turcas Petrol” şirkəti Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə qurduqları qarşılıqlı əməkdaşlıq çərçivəsində geotermal enerjidən elektrik enerjisi istehsal etməyi planlaşdırır.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə “Turcas Petrol”un rəhbəri və idarə heyətinin üzvü Batu Aksoy məlumat verib. O bildirib ki, bu əməkdaşlıq çərçivəsində məqsədimiz 2017-ci ildə geotermal elektrik enerjisi istehsalına başlamaqdır.
B.Aksoy ABOEMDA-nın “Azalternativenerji” MMC-si ilə imzalanan Niyyət Protokolu çərçivəsində həm Türkiyə, həm də Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafına investisiya qoymağı planlaşdırdıqlarını deyib.
Türkiyənin Cəmiyyəti Məlumatlandırma Platformasının (Kamuyu Aydınlatma Platformu (KAP) rəsmi saytında yer alan məlumatda isə bildirilir ki, “Turcas Petrol”un “Turcas Enerji Holding A.Ş.” şirkəti ilə ABOEMDA-nın tabeliyindəki “Azalternativenerji” MMC arasında Türkiyədə və Azərbaycanda günəş, külək və geotermal enerji stansiyalarının inşası və birgə layihələrin həyata keçirilməsi məqsədilə iyulun 21-də Niyyət Protokolu imzalanıb. Protokolun imzalanan tarixindən etibarən 3 il müddətində etibarlı olacağı qeyd edilir.