İQTİSADİYYAT


“AzerGold” Daşkəsən rayonunun Şadax kəndinə yeni su xətti çəkib

Bakı, 30 iyul, AZƏRTAC

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) fəaliyyət göstərdiyi “Çovdar” filiz emalı sahəsinə yaxınlıqda yerləşən kəndlərdə əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində daha bir addım atıb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, Daşkəsən rayonunun Şadax kəndinin sakinlərinin müraciəti əsasında yaşayış məntəqəsinə yaxın mənbədən götürülən su nümunələrinin tərkibi müvafiq laboratoriyada yoxlanılaraq standartlara uyğunluğu təsbit edildikdən sonra yeni su xəttinin çəkilməsi və bulağın inşa edilməsi ilə bağlı qərar qəbul edilib. Qərara əsasən, cəmiyyət tərəfindən suyun mənbə hissəsində toplanması məqsədilə ərazidə 15 kubmetr tutumlu xüsusi anbar inşa edilib. Daha sonra təqribən 2000 metr məsafədən su xəttinin çəkilməsi və yeni bulağın istifadəyə verilməsi ilə kənddə mövcud su probleminin həllinə əhəmiyyətli dərəcədə töhfə verib.

Qeyd edək ki, layihə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədindən biri olan təmiz suyun hərkəs üçün əlçatanlığının təmin edilməsi istiqamətində həyata keçirilən və ölkəmizin də könüllü olaraq qoşulduğu qlobal fəaliyyətə, qəbul etdiyi milli inkişaf prioritetlərinə əlavə töhfə vermək məqsədi daşıyır. Ümumilikdə “AzerGold”un korporativ sosial məsuliyyət siyasəti çərçivəsində icra edilən bu tip tədbirlər sosialyönümlü dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, QSC-nin fəaliyyət göstərdiyi bölgədə yaşayan ailələrin qayğı ilə əhatələnməsinə xidmət edir.

Xatırladaq ki, ötən ilin aprel ayında ayında QSC tərəfindən Daşkəsən rayonunun Çaykənd kəndinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə yeni su xətti çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.