İQTİSADİYYAT
“AzerGold” “Məhkəmə Strategiyası üzrə Hesabat” sənədi hazırlayıb
Bakı, 2 fevral, AZƏRTAC
“AzerGold” QSC ölkəmizin parlaq qələbəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə əlvan metalların qeyri-qanuni hasilatı üzrə fəaliyyətin hüquqi qiymət alması məqsədilə 2018-ci ildən araşdırmalar aparıb. İcra edilən layihə çərçivəsində hazırlanmış “Məhkəmə Strategiyası üzrə Hesabat” sənədi 2020-ci ilin iyul-dekabr ayları ərzində layihə çərçivəsində toplanılmış məlumatlar və faktlarla birgə müvafiq dövlət qurumlarına təqdim edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə "AzerGold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov fevralın 2-də ötən ilin yekunları və qarşıda duran məsələlərə həsr olunan mətbuat konfransında deyib.
O qeyd edib ki, sənəddə işğal zamanı Qarabağda əlvan metalların qeyri-qanuni hasilatı və ticarəti ilə məşğul olmuş şəxslər və şirkətlər, qeyri-qanuni hasilata dəstək verən qaçaqmalçı şəbəkələr zənciri, onların qanunsuz fəaliyyəti barədə ictimai açıq mənbələrdən toplanmış detallı məlumatlar əks olunub: “Bununla yanaşı, QSC işğaldan azad olunmuş ərazilərinin bərpası və inkişafı konsepsiyasına uyğun olaraq İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə birlikdə əlvan metal yataqlarının gələcək istismarı ilə bağlı müvafiq araşdırmalar və digər lazımi işlər proqramlaşdırır. Bundan sonrakı mərhələlərdə də “AzerGold” dövlətin bu istiqamətdə aparacağı vahid siyasətə bütün resursları vasitəsilə dəstək verməyə, öz üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır.
“Şübhəsiz, işğaldan azad edilən ərazilərimizdə əlvan metal ehtiyatlarının potensialı ölkənin dağ-mədən sənayesinin və metallurgiyanın gələcək inkişafında böyük rol oynayacaq. Sənaye əhəmiyyətli proqnoz resurslara malik çoxsaylı qızıl, gümüş, mis, civə və digər faydalı qazıntı yataqlarının istismara verilməsi azad edilmiş ərazilərimizdə sənayeni yenidən təşkil etməyə, iqtisadiyyatın əksər sahələrinin inkişafını intensivləşdirməyə, yerli əhalinin əlavə iş yerləri ilə təmin olunmasına, eləcə də bərpa olunacaq şəhər və kəndlərin inkişafına dəstək olacaq”, - deyə Z.İbrahimov bildirib.