İQTİSADİYYAT
“AzerGold” QSC gənclərin peşə təcrübəsi toplamasına dəstək verir
Bakı, 20 fevral, AZƏRTAC
2018-ci ildə “AzerGold” QSC-nin baş ofisində 60-dan çox gənc tələbə Çovdar filiz emalı sahəsində hasilatı və yan sahələri əhatə edən istehsalat təcrübəsi keçib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, 2019-cu ildə təkcə Çovdar filiz emalı sahəsində 50-dən çox tələbənin təcrübə keçməsi nəzərdə tutulub. Bununla yanaşı, tələbələr tərəfindən dağ-mədən və yan sahələrdə konkret nümunələr üzərində araşdırmaların, təqdimatların, innovativ təkliflərin hazırlanması təşviq edilir, onlar üçün master-klas və seminarlar təşkil olunur.
Məlumata əsasən, hazırda “AzerGold” QSC-də əməkdaşların orta yaşı 30 yaş təşkil edir. Sayı 105 nəfərə çatan bu gənclərin bir hissəsini Daşkəsən rayonundakı Çovdar filiz emalı sahəsində işlə təmin etməklə regionların sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfə verir. Ötən il gənc əməkdaşlar üçün yüksək ixtisaslı və peşəkar biliklərə malik yerli və xarici şirkətlərin nümayəndələri cəlb olunmaqla 100-dək təlim keçirilib.
Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətinə uyğun olaraq, “AzerGold” QSC bundan sonra gənclərin işlə təmin edilməsinə, peşəkar artımına və peşə təcrübəsi toplamasına dəstəyini davam etdirəcək.
Qeyd olunub ki, “AzerGold” QSC gənclərin peşəkar artımına böyük önəm verir, gənclərin peşə biliklərinin artırılması, peşə təcrübəsi toplaması, həmçinin məşğulluqla təmin edilməsi istiqamətində əməli tədbirlər həyata keçirir.