İQTİSADİYYAT


“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyi iqlim dəyişikliyi mövzusunda təlim təşkil edib

Bakı, 15 aprel, AZƏRTAC

Aprelin 11-14-də "AzerGold" QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsində "Fərdi aqrar təsərrüfatlarının iqlim dəyişikliyinə adaptasiyası" mövzusunda təlim təşkil edib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan "AzerGold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov BMT-nin təşəbbüsü ilə hazırlanan və 193 ölkənin qoşulduğu Dayanıqlı İnkişaf üzrə Qlobal Hədəflər 2030-un milli səviyyədə icra edildiyini qeyd edərək bu istiqamətdə ölkədə həyata keçirilən dövlət proqramlarını sadalayıb. Həmçinin Heydər Əliyev Fondu tərəfindən ətraf mühitin mühafizəsi, müxtəlif sahələrdə, xüsusilə də sahibkarlığın dayanıqlı inkişafı istiqamətində həyata keçirilən layihələri, irəli sürülən təşəbbüsləri örnək göstərən Z.İbrahimov "AzerGold" QSC tərəfindən həyata keçirilən korporativ sosial məsuliyyət tədbirləri haqqında da ətraflı məlumat verib.

Daha sonra tədbirdə çıxış edən Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov iqlim dəyişikliyi və bu istiqamətdə görülən tədbirlər haqqında çıxış ediblər.

Qeyd edək ki, 4 gün davam edən təlim zamanı Gəncə-Qazax, Aran, Lənkəran və Naxçıvan iqtisadi rayonlarında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 50-dək sahibkar iqlim dəyişikliyi şəraitində su, torpaq və bitki idarəçiliyi, kənd təsərrüfatında mövcud innovasiyalar, iqlim dəyişikliyinə məruz qalan təsərrüfatlara qanunvericilikdə nəzərdə tutulan güzəştlər haqqında praktik biliklər əldə ediblər. İnteraktiv şəkildə sualların cavablandırıldığı, geniş müzakirələrin və fikir mübadiləsinin aparıldığı təlimin sonunda fermerlər müvafiq sertifikatlarla təltif olunublar.

Rəsmi dövlət qurumlarının, elm və təhsil ocaqlarının, müstəqil ekspertlərin təlimçi qismində iştirak etdiyi tədbirdə əmək qabiliyyətli əhalinin böyük hissəsinin məşğul olduğu kənd təsərrüfatının iqlim dəyişikliyinə adaptasiyasına, qeyri-neft sektorunun dayanıqlı inkişafına, regionlarda sosial rifahın daha da yüksəlməsinə dəstək göstərmək və bununla da "Dayanıqlı İnkişaf üzrə Qlobal Hədəflər 2030"a nail olunmasına töhfə vermək məqsədlərini daşıyır.

Xatırladaq ki, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Paris Sazişinə 2016-cı il oktyabrın 26-dan etibarən qoşulub və bu istiqamətdə ölkəmizdə silsilə tədbirlər həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.