İQTİSADİYYAT


“AzerGold” ali məktəb tələbələri üçün təqaüd proqramı elan edir

Bakı, 26 oktyabr, AZƏRTAC

“AzerGold” QSC dağ-mədən sahəsi üzrə təhsil alan ali məktəb tələbələri üçün təqaüd proqramı müsabiqəsi elan edir.

QSC-dən AZƏRTAC-a bildirilib ki, səhmdar cəmiyyətin strateji layihələrinin vaxtında və lazımi kadrlar ilə təmin edilməsi məqsədilə təsis edilən təqaüd Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri arasında keçiriləcək müsabiqə əsasında təqdim olunacaq. Müsabiqədə 2021-2022-ci tədris ili üzrə ali məktəblərin bakalavr və magistr səviyyəsinin sonuncu kursunda dağ-mədən mühəndisliyi, geologiya və metallurgiya sahələri üzrə əyani təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələr iştirak edə bilərlər. Müsabiqə test imtahanı və müsahibə mərhələsindən ibarətdir. Təqaüd komissiyası tərəfindən aparılan qiymətləndirmə zamanı test imtahanında ən çox bal toplayan 20 namizəd müsahibəyə buraxılacaq. Növbəti mərhələdə hər bir namizədin hazırlığı müvafiq qiymətləndirmə meyarlarına uyğun olaraq müəyyən ediləcək. Yekunda müsabiqəni uğurla keçən 10 tələbə təqaüd proqramına cəlb edilərək müvafiq təltifnamə və 9 ay müddətində hər ay 200 AZN olmaqla təqaüd əldə edəcək. Proqramda iştirak edən tələbələrin səhmdar cəmiyyətdə təcrübə proqramlarında iştirakı və məzun olduqdan sonra müvafiq vəzifələr üzrə işlə təmin edilməsi nəzərdə tutulur.

Təqaüd proqramı layihəsi və müsabiqənin şərtləri ilə ətraflı tanış olmaq üçün “AzerGold” QSC-nin rəsmi veb-saytında (azergold.az) “Karyera” bölməsində yaradılmış “Təqaüd proqramı” altbölməsinə daxil ola bilərsiniz. Müsabiqədə iştirak etmək üçün sözügedən altbölmədəki müraciət formasını doldurmaq tələb olunur.

Qeyd edək ki, müsabiqəyə elan dərc edildiyi tarixdən (oktyabrın 26-sı) start verilir. Müraciət üçün son tarix noyabrın 5-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.