REGİONLAR
“AzerGold” bu il Ortakənd-Xanağa sahəsində buruq-qazma işlərinə başlayacaq VİDEO
Bakı, 21 fevral, AZƏRTAC
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu il Ortakənd-Xanağa sahəsində buruq-qazma işlərinə başlayacaq.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “AzerGold”un rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
Muxtar respublikanın İqtisadiyyat Nazirliyinin təşkil etdiyi tədbir çərçivəsində “AzerGold” QSC-nin nümayəndələri Göydağ-Əlincə filiz qovşağının Ortakənd-Xanağa sahəsi ilə bağlı təqdimatla çıxış ediblər. Təqdimatda Ortakənd-Xanağa sahəsində sənaye əhəmiyyətli mis-qızıl filizi yataqlarının resursları bazasında dağ-mədən komplekslərinin yaradılması perspektivlərinin araşdırılmasını və planlaşdırılan istismar öncəsi geoloji-kəşfiyyat işlərini əhatə edən işçi proqram haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, Ortakənd-Xanağa sahəsi məxsusi qızıl, kompleks mis-porfir, epitermal sulfid filizlərinin aşkarlanması baxımından perspektivliyi ilə seçilir. Sahə daxilində Ortakənd mis-porfir, Başkənd-Xanağa səpinti qızıl yataqları, Başkənd mis, Ortakənd-Xanağa köklü qızıl təzahürləri və bir sıra polimetal minerallaşma nöqtələri və çıxışları qeydə alınıb.
“AzerGold” QSC ötən ilin son rübündə Ortakənd-Xanağa sahəsində İtaliyanın aparıcı geofiziki şirkətləri ilə birgə kompleks geofiziki tədqiqatlar aparıb və 2018-ci ildən başlayaraq istismar öncəsi buruq-qazma işlərinə start verməyi nəzərdə tutub.