Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“AzerGold” ötən il qızıl və gümüş satışından iqtisadiyyata 186,5 milyon manat cəlb edib YENİLƏNİB

“AzerGold” ötən il qızıl və gümüş satışından iqtisadiyyata 186,5 milyon manat cəlb edib YENİLƏNİB

Bakı, 2 fevral, AZƏRTAC

2020-ci ildə 59,4 min unsiya qızıl, 119,4 min unsiya gümüşün satışından ölkə iqtisadiyyatına ümumilikdə 186,5 milyon manat məbləğində vəsait cəlb edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə "AzerGold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov fevralın 2-də keçən ilin yekunları və qarşıda duran məsələlərə həsr olunan mətbuat konfransında deyib.

Z.İbrahimov 2020-ci ilin bütün bəşəriyyət üçün fərqli təəssüratlarla yadda qaldığını deyərək bildirib ki, COVID-19 adlandırılan təhlükəli yoluxucu xəstəliyin müşayiəti ilə bütün dünya ilin əhəmiyyətli hissəsini sərt karantin rejimlərinin məhdudiyyətləri ilə yaşadı. Bu məhdudiyyətlər insanların məişətindən tutmuş, qlobal iqtisadiyyata, ölkələr arasındakı münasibətlərə qədər mənfi təsirlərini göstərdi. Koronavirus dünya iqtisadiyyatını böhran təhlükəsi ilə üz-üzə qoydu və bu, son 100 ilin ən ciddi hadisələrindən biri kimi tarixə düşdü. Yüz minlərlə insanın bu virusdan dünyasını dəyişməsi, milyonlarla insanın hələ də bu xəstəlikdən əziyyət çəkməsi isə bu problemin ən faciəli tərəfidir. Ümid edirik ki, bütün bəşəriyyət tezliklə bu bəladan xilas olacaq, pandemiyanın mənfi təsirləri aradan qalxacaq və həyat yenidən öz axarına qayıdacaq. Böyük insani itkilər və qlobal iqtisadi böhranla üz-üzə qalan dünyada dövlətimizin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan ötən ili ən az mənfi təsirlərlə başa vuran ölkələr sırasında oldu. COVID-lə mübarizə çərçivəsində ölkəmizdə effektiv addımlar atıldı, iqtisadiyyatımızın, eləcə də vətəndaşların sözügedən təsirlərdən qorunması üçün dövlətimiz tərəfindən bütövlükdə 2,5 milyard manatdan çox dəstək göstərildi. Sözügedən dəstək çərçivəsində işsiz və iş yerini müvəqqəti itirmiş şəxslərə bir neçə dəfə 190 manat birdəfəlik ödəmə verilərək 450 milyon manat vəsait yardım ayrıldı. Bununla yanaşı, koronavirusla mübarizə məqsədilə birbaşa olaraq 644 milyon manatadək vəsait və digər ödəmələr edildi. Eyni zamanda, ölkənin ümumilikdə gəlirlərinin azalmasına baxmayaraq, 2020-ci ildə pensiya ödənişləri 2019-cu illə müqayisədə 20 faiz, sosial müavinətlər isə 15 faiz artıb və ümumilikdə bu ödənişlər 2 milyondan çox vətəndaşımızı əhatə edib. Bütün qlobal mənfi təsirlər fonunda ölkə iqtisadiyyatı təqribən 4 faizdən bir qədər çox azalıb. Həmçinin qeyri-neft sənayesi 11 faizdən çox artdı. Qeyri-neft sənayesinin 11 faizdən çox artması real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı deməkdir.

QSC sədri bildirib ki, bütün bunlarla yanaşı, başa vurduğumuz keçən il ölkə tarixinin ən parlaq səhifələrindən biri kimi yazıldı. Ötən ilin sentyabr ayında düşmən təxribatlarına cavab olaraq əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın birliyi və şanlı Ordumuzun gücü sayəsində ölkəmizin düşmən üzərində layiqli qələbəsi ilə başa çataraq 30 illik işğala son qoyuldu. Beləliklə, tariximizin ən qürurlu səhifələrindən birini yaşadıq. Müzəffər Ali Baş Komandanımız noyabrın 10-da xalqımıza və bütün bəşəriyyətə Azərbaycanın haqq savaşından qalib çıxdığını və Qarabağ münaqişəsinin bitdiyinin müjdəsini verdi. Bu böyük Zəfər qətiyyətli siyasi iradə və əzmin nəticəsində, ilk növbədə, qəhrəman igidlərimizin qanı bahasına əldə edildi. Bu qələbədə mənfur düşmənə qarşı inanılmaz şücaətlə vuruşan, öz həyatını qurban edən şəhidlərimizin payı əvəzsizdir. Onların arasında “AzerGold”un əməkdaşları Muxtar Qasımlı və Rauf Əsgərov da var. QSC-nin işçiləri kapitan Ruslan Muradov Xocavənd, Qubadlı və Şuşa istiqamətlərində, baş leytenant Tələt Tağıyev Gədəbəyin müdafiəsində, əsgərlər Sərxan Abbasov, Şahin Ağacanov, Elmir Verdiyev, Sehran Əliyev Xocavənd, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edərək nümunəvi xidmətləri ilə fərqləniblər. Onların hər biri, eləcə də bu mübarizədə qəhrəmancasına şəhid olan Muxtar və Raufla fəxr edirik. Şəhid olan bütün hərbçilərimizi qürurla anır, onların ailələrinə, yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyir, Vətən müharibəsi bütün qazilərinə fədakarlıqlarına görə təşəkkür edirik.

Z.İbrahimov “AzerGold”un ötən ildə yaşanan məhdudiyyətlər və çətinliklərə baxmayaraq qazandığı nailiyyətlərdən danışıb. Diqqətə çatdırıb ki, QSC-nin ötən ilin fəaliyyət planının tam ölçüdə icra edilməsinə nail olması bizim əsas uğurumuzdur. QSC-nin fəaliyyət sahələri üzrə işləri plandan daha artıq və tam qrafik üzrə yerinə yetirilib. “AzerGold” regionlarda yeni mədənlərin işə salınması, iqtisadi səmərəliliyinin artırılması istiqamətində fəaliyyətini ötən ildə də uğurla davam etdirib. Yarandığı gündən etibarən beynəlxalq standartlara əsaslanan korporativ idarəetmə prinsiplərinin tətbiq edildiyi “AzerGold” QSC 2020-ci ildə də öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericilik aktlarına, həmçinin cəmiyyətin ümumi yığıncağı qismində çıxış edən İqtisadiyyat Nazirliyinin təsdiq etdiyi 2035-ci ilədək olan dövr üzrə inkişaf strategiyası və illik fəaliyyət planına, habelə cəmiyyətdaxili prosedurlara, qaydalara, siyasətlərə, təlimatlara və digər aktların tələblərinə uyğun şəkildə qurub. Hesabat ili ərzində QSC-nin Müşahidə Şurasının ümumilikdə 5 iclası keçirilib.

“Ötən il ölkəmizdə aparılan davamlı struktur islahatları və iqtisadiyyatın səmərəliliyinin daha da artırılması istiqamətində görülən tədbirlər çərçivəsində Prezident İlham Əliyevin 2020-ci il 5 noyabr tarixli Fərmanı ilə “AzerGold” QSC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib, bununla da QSC-nin fəaliyyətində yeni bir mərhələ başlayıb. Heç şübhəsiz, bu qərar dağ-mədən sahəsində azad bazar münasibətlərinin hərtərəfli, dayanıqlı inkişafının sürətlənməsinə, yeni prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla QSC-nin iqtisadi inkişafını daha da sürətləndirəcək. Əminəm ki, Azərbaycan İnvestisiya Holdinqi ilə qarşılıqlı fəaliyyət nəticəsində cəmiyyətin milli iqtisadiyyatımıza verdiyi töhfələr daha da artacaq”, - deyə o qeyd edib.

Bildirilib ki, ötən ili “AzerGold”un fəaliyyəti üçün əlamətdar edən addımlardan biri də əlvan metal filizlərinin hasilatı sektorunun dayanıqlı inkişafının təmin edilməsi məqsədilə QSC tərəfindən 2025-ci il (ortamüddətli) və 2035-ci il (uzunmüddətli) korporativ strategiyasının təsdiq edilməsi idi. Belə ki, ölkədə əlvan metal filizlərinin hasilatı sektorunun dayanıqlı inkişafının təmin edilməsi məqsədilə QSC-nin korporativ strategiya sənədi İqtisadiyyat Nazirliyinin 2020-ci il 14 sentyabr tarixli əmri ilə təsdiq edilib. QSC-nin strategiyası üzrə müəyyən edilmiş layihələrin icrası çərçivəsində əsas hədəfləri bunlardır:

- QSC-nin 2035-ci ilədək illik dövriyyəsi 1 milyard ABŞ dolları dəyərində olan regional miqyasda irihəcmli dağ-mədən şirkətinə çevrilməsi;

- qeyri-neft sənaye şirkətlərindən və işə götürənlərdən biri kimi mədən sahəsində bölgənin ən böyük şirkətləri sırasında qərarlaşması;

- strateji proqramların icrası üzrə maliyyələşmədə dövlət büdcəsindən asılılığın aradan qaldırılması;

- dağ-mədən sənayesinin yan sahələrinin və zərgərlik sənayesinin innovativ tətbiqlərlə inkişaf etdirilməsində fəal iştirak;

- əsas bazar Azərbaycan olmaqla qonşu ölkələrə genişlənmə potensialının inkişaf etdirilməsi.

“Sadalanan hədəflərin icrası nəticəsində QSC-nin səhmdarı olan dövlətə dividendlərin ödənilməsi nəzərdə tutulub. Strategiya çərçivəsində müəyyən edilmiş layihələrin icrası ilə 2035-ci ilədək ölkənin məcmu ÜDM-nə 8.9 milyard dollaradək həcmində töhfənin verilməsi, habelə, layihələrin icrasının ən fəal mərhələsində 14 min nəfərə qədər işçinin cəlb edilməsi proqnozlaşdırılır. QSC-nin gəlirlərinin proqnozlaşdırılmış məcmu illik artım dərəcəsinin (MİAD) 14 faiz həcminə çatdırılması nəzərdə tutulur. 2009-2019-cu illərdə qlobal mədən sənayesinin məcmu illik artım dərəcəsi 9 faiz olub. Əminik ki, artıq icrasına başlanılan strateji planlar ölkənin qeyri-neft sənayesinin dinamik inkişafı, iqtisadiyyatının şaxələndirilməsi, bununla da dağ-mədən sahəsində əlavə dəyərin, eləcə də məşğulluğun artırılmasına, nəticədə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına mühüm töhfələr verəcək”, - “AzerGold” sədri qeyd edib.

Vurğulanıb ki, ötən il ərzində qurumun nizamnamə kapitalı 50 milyon manat artırılaraq 62 milyon manata çatıb. Bu artım məbləğinin 15 milyon manat məbləğində olan hissəsi QSC-nin 2019-cu ilin sonuna olan bölüşdürülməmiş mənfəəti hesabına formalaşdırılıb. 2020-ci ildə dövlət büdcəsinə ümumilikdə 12,9 milyon manat vəsait ödənilib. Bu vəsaitin 10,7 milyon manatı vergi, 2,2 milyon manatdan çoxu isə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil edib. 2019-cu ildə bu məbləğ 12,2 milyon manat olub ki, 2020-ci ilin büdcə ödənişləri 2019-cu illə müqayisədə 0,7 milyon manat, yəni 6 faiz çoxdur. Ümumilikdə, QSC-nin fəaliyyəti dövründə dövlət büdcəsinə 40.8 milyon manat həcmində vergi və sosial köçürmələrin ödənişi təmin edilib. Səhmdar Cəmiyyətin 2019-cu ilin yekunlarına dair maliyyə hesabatları 2020-ci ildə dərc olunub. Beynəlxalq maliyyə hesabatları standartlarına uyğun müstəqil auditor şirkəti tərəfindən aparılan yoxlamalar nəticəsində müsbət rəy verilən maliyyə hesabatlarına əsasən, 2019-cu il üzrə QSC-nin xalis mənfəəti 2018-ci illə müqayisədə 55 faiz həcmində artaraq 12,4 milyon ABŞ dolları təşkil edib, həmçinin digər göstəricilər üzrə yüksək nəticələr əldə olunub.

Diqqətə çatdırılıb ki, beynəlxalq maliyyə hesabatları standartlarına uyğun olaraq cari ildə müstəqil auditor şirkəti (“Pricewaterhouse Coopers Audit Azerbaijan LLC”) tərəfindən aparılacaq yoxlamaların da müsbət dəyərləndiriləcəyi proqnozlaşdırılır. Cəmiyyətdaxili hesablamalara və 2020-ci il üzrə vergi uçotuna uyğun operativ məlumatlara əsasən, cari ildə qurumun xalis mənfəəti təqribən 50 milyon manat civarında gözlənilir. Auditor şirkəti tərəfindən rəy veriləcək maliyyə hesabatları ənənəvi olaraq geniş ictimaiyyət üçün açıqlanacaq. Ötən il ərzində QSC-nin təsdiqlənmiş ştat cədvəlinə uyğun olaraq faktiki 415 nəfər işçi olmaqla, mədən ərazisində fəaliyyət göstərən podratçı şirkətlərlə birgə 1200 nəfərdən artıq işçi üçün müasir standartlara cavab verən iş şəraiti yaradılıb. Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli Qərarına uyğun olaraq QSC üzrə ilk dəfə 2020-ci il üçün səmərəlilik göstəricilərinin illik proqnoz (hədəf) göstəriciləri Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli Qərarı ilə yaradılmış komissiya ilə razılaşdırılmaqla qurumun Müşahidə Şurası tərəfindən təsdiq edilib və istinad olunan komissiyanın katibliyi qismində Maliyyə Nazirliyinə təqdim edilib. 2020-ci il ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (349,5 milyon manat) birinci olub. Bu uğurda “AzerGold”un böyük rolu var. Ötən il QSC dünya bazarlarına çıxardığı qızıl və gümüşün həcmi artıb. Belə ki, əvvəlki illə müqayisədə ixrac edilən qızılın artım qeydə alınıb. 2020-ci ildə 59,4 min unsiya qızıl, 119,4 min unsiya gümüşün satışından ölkə iqtisadiyyatına ümumilikdə 186,5 milyon manat məbləğində vəsait cəlb edilib. Ümumi gəliri ötənilki göstəricilərlə müqayisə etsək, 41,5 milyon manat və ya 29 faiz artım qeydə alınıb. “AzerGold” tərəfindən istehsal olunan külçə və sikkələrinin pərakəndə satışı ötən il də uğurla davam etdirilib. 2020-ci il ərzində ümumi dəyəri 1,6 milyon manat olan 1275 ədəd məhsulun satışı həyata keçirilib. Hesabat dövrü ərzində qiymətlilərin onlayn sifarişlərinin həyata keçirilməsi üçün yaradılan “Azergold.gift” saytı və sosial şəbəkələr üzərindən həyata keçirilən fəaliyyət, ümumilikdə satış dinamikasının da artmasına səbəb olub. Nəticədə 2019-cu illə müqayisədə 80 faiz daha çox məhsul satılıb, əldə edilən vəsait 84 faiz artıb.

Z.İbrahimov deyib: “AzerGold”un fəaliyyətə başladığı dövrdə səmərəli fəaliyyətin təşkili məqsədilə cəlb edilmiş 148,4 milyon dollar dəyərində kredit öhdəliyi, nəzərdə tutulduğundan bir il daha tez qaytarılıb. Kredit öhdəliklərinin 2020-ci ildə tamamilə ödənməsi sayəsində təqribən 2 milyon manat vəsaitə qənaət edilmiş və yerli banklarda 69.4 milyon dollar məbləğində kredit xətti “AzerGold”un istifadəsi üçün ayrılıb. Hesabat dövründə “Çovdar”, “Köhnəmədən”, “Qaradağ” saziş sahələrini əhatə edən yataqlar və “Daşkəsən” dəmir filizi yatağı ərazisində 75 min 778 metr buruq-qazma işləri görülüb və 31 min 20 nümunə üzrə laboratoriya təhlilləri aparılıb. Ötən il şirkət tərəfindən icra edilmiş buruq-qazma həcmi ölkənin dağ-mədən sənayesi üzrə rekord göstərici hesab olunur. Ötən il “Çovdar” yatağının sulfid mərhələsi üzrə istismarı üçün İlkin Texniki-İqtisadi Əsaslandırmanın hazırlanması işləri yekunlaşdırılıb. “Çovdar” yatağının sulfid mərhələsi üzrə kəşfiyyat və tədqiqat işlərinin yekunlaşdırılması nəticəsində yatağın resursları 533,5 min unsiya (və ya 16,5 ton) həcmində artırılıb və bu rəqəmlər beynəlxalq məsləhətçi tərəfindən təsdiqlənib. Beləliklə, fəaliyyətə başladığı dövr ilə müqayisədə QSC-nin 2017-2020-ci illərdə qızıl, gümüş və polimetal yataqlarında səmərəli kəşfiyyat və tədqiqat fəaliyyəti nəticəsində beynəlxalq standartlara görə qiymətləndirilib və qəbul olunmuş resursların həcmi “Çovdar” yatağının sulfid mərhələsi, “Ağyoxuş 1” yatağı və “Filizçay” yataqlarının resursları hesabına 179 min unsiyadan 4 447 min unsiyayadək artırılıb. Ümumi Qızıl Ekvivalenti (GEO) hesabı üzrə artım 20 dəfədən çox təşkil edib”.

Diqqətə çatdırılıb ki, “AzerGold” QSC geridə qoyduğumuz ildə regionlarda yeni mədənlərin işə salınması, iqtisadi səmərəliliyin artırılması istiqamətində fəaliyyətini uğurla davam etdirib. Belə ki, ötən il Prezident İlham Əliyev martın 19-da ölkə iqtisadiyyatının sabitliyinin davamlığının və xarici təsirlərə dayanıqlığının təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi haqqında imzaladığı Sərəncamına uyğun olaraq QSC tərəfindən nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində Daşkəsəndə yerləşən "Çovdar" Filiz Emalı Sahəsinin bazasında "Çovdar" İnteqrəolunmuş Regional Emal Sahəsinin (ÇİRES) yaradılması qərara alınıb. Müstəqil şəkildə iqtisadi səmərəsizlik riski daşıyan yataqların iqtisadi səmərəliliyinin təmin edilməsi məqsədilə Daşkəsəndə yerləşən "Çovdar" Filiz Emalı Sahəsinin bazasında "Çovdar" İnteqrəolunmuş Regional Emal Sahəsinin (ÇİRES) yaradılması qərara alınıb. Layihənin icrasının ilkin mərhələsi olaraq 2017-ci ildə “AzerGold”un geoloqları tərəfindən “Çovdar” yatağının yaxınlığında kəşf edilmiş “Ağyoxuş 1” yatağı ötən il noyabrın 30-da istismara verilib. Nəticədə mövcud maddi-texniki resurslardan mərkəzləşdirilmiş qaydada istifadə edilməklə müstəqil şəkildə iqtisadi səmərəsizlik riski daşıyan yatağın iqtisadi səmərəliliyi təmin edilib.

Qeyd edək ki, “Ağyoxuş” yatağının işlənməsi üç istismar mərhələsindən ibarət olacaq. “Ağyoxuş 1”lə yanaşı, “Ağyoxuş 2” və “Ağyoxuş 3” adlandırdığımız yataqların, eləcə də nisbətən yaxın məsafədə yerləşən “Narçala”, “Mərəh”, “Tülallar”, həmçinin “Çovdar” yatağının sulfid mərhələsi üzrə hasil edəcək filizlərinin emalı da "Çovdar" İnteqrəedilmiş Regional Emal Sahəsində həyata keçiriləcək. ÇİRES-in tam fəaliyyətə başlaması bölgənin sosial-iqtisadi inkişafına böyük ölçüdə təsir göstərəcək, yeni daimi iş yerlərinin açılmasına səbəb olacaq.

Təsdiqlənmiş plan əsasında 2021-2027-ci illər ərzində müvafiq olaraq “Ağyoxuş” layihəsi üzrə növbəti yataqların - “Ağyoxuş 2”, “Ağyoxuş 3”, “Mərəh”, “Narçala”, həmçinin “Çovdar” qızıl yatağının sulfid mərhələsi üzrə istismarı, o cümlədən “Tülallar” qızıl, “Filizçay” polimetal, “Qaradağ”, “Xarxar”, “Mazımçay” mis və digər yataqların istifadəyə verilməsi planlaşdırılır.

Ötən ildə dövlət başçısı tərəfindən QSC-yə göstərilən yüksək etimadın nəticəsi olaraq “AzerGold”un səlahiyyətləri genişləndirilib. Azərbaycan Prezidentin 2020-ci il 1 sentyabr tarixli Sərəncamı ilə QSC-nin fəaliyyət sahələrinə ölkə ərazisində qara metal filizi yataqlarının tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər vəzifələr əlavə edilib. Sözügedən Sərəncamdan irəli gələn tapşırıqların icrası, ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili məqsədilə “AzerGold” tərəfindən ötən il dekabrın 14-də ilk törəmə cəmiyyət qismində “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb və dövlət reyestrinə daxil edilib. Hazırda şirkətin fəaliyyətinin təşkili istiqamətində müvafiq tapşırıqlar icra edilməkdədir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 avqust tarixli Sərəncamı ilə regionun ən nəhəng dəmir filizi yatağı olan “Daşkəsən” dəmir filizi yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması QSC-yə tapşırılıb. Bu istiqamətdə hesabat dövrü ərzində kompleks geoloji tədqiqatların beynəlxalq standartlara uyğun aparılmasının təmin edilməsi, həmçinin ilkin iqtisadi qiymətləndirmə sənədinin hazırlanması, bazar araşdırılması, mədən planlarının hazırlanması, yataq üzrə filizlərin hasilat metodunun müəyyən edilməsi, iqtisadi göstəricilərin hesablanması istiqamətində müvafiq işlər görülüb. “Daşkəsən” dəmir filizi yataqları üzrə 7 830 metr buruq-qazma işləri icra edilib və hazırda da proses davam etdirilir. Qeyd edim ki, yataq üzrə İlkin qiymətləndirmə sənədinin cari ilin avqust ayında hazırlanması nəzərdə tutulur. Bu sənəd çərçivəsində yataq üzrə 2021-ci ildə geoloji tədqiqatların davam etdirilməsi və metallurji işlərin aparılması planlaşdırılır. Qeyd edilən fəaliyyətin yekunlarına əsasən filizlərin bir qisminin daha sürətli şəkildə hasilata verilməsi potensialı qiymətləndiriləcək.

“AzerGold” sədri deyib ki, hesabat dövründə dövlətimizin başçısının koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında 2020-ci il 19 mart tarixli Sərəncamı və İqtisadiyyat Nazirliyinin müvafiq tapşırıqları əsasında da fəaliyyət göstərilib. Belə ki, QSC tərəfindən 2020-ci ildə icrası nəzərdə tutulmuş layihələr portfeli geniş təhlil edilib, ölkədə iqtisadi fəallığın qorunması və təşviqinə töhfələrin verilməsi məqsədilə Əlavə Tədbirlər Proqramı hazırlanıb. Əlavə Tədbirlər Proqramının icrası ilə regionlarda məşğulluğun artırılması istiqamətində mühüm addımlar atılıb, podratçı şirkətlər daxil olmaqla işlə təmin edilmiş əməkdaşların orta sayı 658 nəfər olub, ümumilikdə 20,7 milyon manat məbləğində vəsait ölkə iqtisadiyyatına cəlb edilib. Əlavə Tədbirlər Proqramının icrası üçün tələb edilən vəsait dövlət büdcəsindən ayırmalar hesabına deyil, QSC-nin Bakı Fond Birjası vasitəsilə istiqrazlarının emissiyası hesabına təmin edilib. İki tranş üzrə baş tutmuş və 20 milyon dollar təşkil edən istiqrazların emissiyasında tələb təklifi orta hesabla 2 dəfədən çox üstələyib, nəticədə QSC üçün illik faiz xərcinin 4 faizdən 3,36 faizədək enməsinə nail olunub.

Diqqətinizə çatdırılıb ki, ölkəmizin parlaq qələbəsi nəticəsində işğaldan azad edilmiş ərazilərində əlvan metalların qeyri-qanuni hasilatı üzrə fəaliyyətin hüquqi qiymət alması məqsədilə QSC tərəfindən 2018-ci ildən araşdırmalar aparılıb. İcra edilən layihə çərçivəsində hazırlanmış “Məhkəmə Strategiyası üzrə Hesabat" sənədi 2020-ci ilin iyul-dekabr ayları ərzində layihə çərçivəsində toplanılmış məlumatlar və faktlarla birgə müvafiq dövlət qurumlarına təqdim edilib. Sənəddə işğal zamanı Qarabağda əlvan metalların qeyri-qanuni hasilatı və ticarəti ilə məşğul olmuş şəxslər və şirkətlər, qeyri-qanuni hasilata dəstək verən qaçaqmalçı şəbəkələr zənciri, onların qanunsuz fəaliyyəti barədə ictimai açıq mənbələrdən toplanmış detallı məlumatlar əks olunub.

Bununla yanaşı, “AzerGold” tərəfindən işğaldan azad olunmuş ərazilərinin bərpası və inkişafı konsepsiyasına uyğun olaraq İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə birlikdə əlvan metal yataqlarının gələcək istismarı ilə bağlı müvafiq araşdırmalar və digər lazımi işlər proqramlaşdırılır. Bundan sonrakı mərhələlərdə də “AzerGold” QSC dövlətimiz tərəfindən bu istiqamətdə aparılacaq vahid siyasətə bütün resursları vasitəsilə dəstək verməyə, öz üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır. Heç şübhəsiz, işğaldan azad edilən ərazilərdə əlvan metal ehtiyatlarının potensialı ölkənin dağ-mədən sənayesinin və metallurgiyanın gələcək inkişafında böyük rol oynayacaq. Sənaye əhəmiyyətli proqnoz resurslara malik çoxsaylı qızıl, gümüş, mis, civə və digər faydalı qazıntı yataqlarının istismara verilməsi azad edilmiş ərazilərdə sənayeni yenidən təşkil etməyə, iqtisadiyyatın əksər sahələrinin inkişafını intensivləşdirməyə, yerli əhalinin əlavə iş yerləri ilə təmin olunmasına, eləcə də bərpa ediləcək şəhər və kəndlərin inkişafına böyük ölçüdə dəstək olacaq.

Ötən il ölkədə mövcud əlvan metal filizi yataqları üzrə məlumat bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, mədənlər üzrə səmərəlilik dərəcəsinin müəyyənləşdirilməsi məqsədilə mineral ehtiyatların beynəlxalq qəbul edilmiş normalar üzrə yenidən hesablanması istiqamətində işlər davam etdirilib. Dövlət Geoloji İnformasiya Fondunda saxlanılan mətn və qrafik əlavələrin elektronlaşdırılaraq təhvil verilməsinə dair “AzerGold” QSC ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən imzalanmış müqavilə üzrə nəzərdə tutulan qrafika və səhifələrin 85 faizi elektronlaşdırılıb. Məlumatların elektronlaşdırılmasından sonra rəqəmsallaşdırılması və yataqlar üzrə səmərəlilik dərəcəsinin ilkin müəyyənləşdirilməsi işlərinin aparılması istiqamətində də işlər davam etdirilib. Yataqlara aid məlumatların effektiv şəkildə rəqəmsallaşdırılmasının təşkili üçün ekspedisiyaların çöl-tədqiqat işlərinin icrası davam etdirilir.

Bildirilib ki, “AzerGold” QSC ötən il sənayenin daha bir sahəsi – zərgərlik sənayesinin inkişafı ilə bağlı icra edilmiş layihələrdə də fəal iştirak edib. Bildiyiniz kimi, 2020-ci ilin fevralın 18-də İqtisadiyyat Nazirliyinin təşəbbüsü və rəhbərliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “AzerGold” QSC-nin iştirakı ilə “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla görüş keçirilib, zərgərlik sənayesinin inkişafını ləngidən bir sıra problemlər gündəmə gətirilib. Görüşdə İqtisadiyyat Nazirliyi və digər qurumlar tərəfindən zərgərlik bazarında alternativ yollarla, yəni qaçaqmalçılıq, vergilərdən yayınma və sair üsullarla məmulatların satışa çıxarması və müvafiq nəzarət orqanının mövcud olmamasından istifadə edərək göstəriləndən daha az əyarlı məhsulları alıcılara təqdim etməsi əsas problemlərdən biri kimi qeyd olunub. Bununla yanaşı, müəyyən edilib ki, Çin, Hindistan, İtaliya və Türkiyə kimi bu sahədə zəngin təcrübəyə malik ölkələrdə xammal qızıl, qiymətli daşlar və hazır məmulatların maya dəyərinə əlavələrin (ƏDV və digər rüsumlar daxil) təqribən 0-24 faiz arasında təşkil etdiyi halda, ölkəmizə idxal olunan xammal qızıl, qiymətli daşlar və məmulatlara maya dəyərinin əlavələri ortalama 42 faizədək artır. Bu da bazar iştirakçıları tərəfindən xammalı qeyri-qanuni yollarla əldə edərək alternativ yollarla istehsal etməyə, eyni qaydada da satışa çıxarmağa və nəticədə vergi və rüsumların ödənilməsindən yayınmağa sövq edir. Digər tərəfdən, dünyada müasir və innovativ keyfiyyətə nəzarət mexanizmlərinin mövcud olmasına baxmayaraq, hazırda yerli zərgərlik sənayesinin dəyər zənciri üzrə keyfiyyətə nəzarət sistemlərinin yoxluğu iqtisadi itkilərə, tədarükçülərin və alıcıların hüquqlarının pozulmasına səbəb olması faktları əsas problem kimi müəyyənləşdirilib. Bütün bu problemlərin həlli məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən işçi qrup yaradılıb. İşçi qrupun fəaliyyəti çərçivəsində hazırlanmış təkliflər zərgərlik sənayesində mövcud fiskal siyasət çərçivədə stimullaşdırma, gömrük rüsumlarının, o cümlədən, aksiz və əlavə dəyər vergisinin optimallaşdırılması, məmulatların dövriyyəsinə və keyfiyyətinə nəzarət mexanizminin tətbiqi, maliyyələşdirmə və stimullaşdırma mexanizmlərinin formalaşdırılması, zərgərlik ənənələrinin gənc nəslə ötürülməsi məqsədilə peşə təhsil məktəblərinin yaradılması və s. istiqamətlərdə sistemli islahatların aparılmasını ehtiva edir. İslahatların icrası nəticəsində zərgərlik sahəsi üzrə ölkə büdcəsinə vergi və rüsum formasında daxilolmaların artacağı gözlənilir. Bununla yanaşı, artıq qızıl istehsalçıları rəsmi və şəffaf formada xammal əldə etmək və bu xammaldan istehsal ediləcək qızıldan hazırlanan məmulatların ixracını rahatlıqla həyata keçirmək imkanını da qazanmış olacaqlar.

Sözügedən sistemli islahatların nəticəsində “AzerGold” tərəfindən atılacaq ilk addımlardan biri kimi satış mərkəzinin yaradılması nəzərdə tutulub. Burada “AzerGold” tərəfindən istehsal edilən sikkə və külçələrinin minimal mənfəət marjası ilə satışı və bu məhsulların qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı reallaşdırılacaq. Beləliklə, “AzerGold” QSC-dən qızıl sikkə və külçələri əldə etmək istəyən müştərilər gələcəkdə bu məhsulların təkrar bazarda hansı qiymətlə sata biləcəyini təxmin edəcəklər. Tətbiq edilməsi planlaşdırılan sistem bu sahədə ikinci əl bazarının “kölgə iqtisadiyyatı”ndan çıxarılmasına mühüm töhfələr verəcək.

Daxili pərakəndə bazara yerli qızıl və gümüşdən hazırlanan sikkələr təqdim edən “AzerGold”un bu layihəsi xüsusilə mədəniyyətimiz, incəsənət və tariximiz, bir sözlə milli dəyərlərimizin təbliğinə yönəlib. Üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasında Çələbi naxışı əks olunmuş məhsullar 2019-cu ildən etibarən satışdadır. Ötən ilin sonlarına yaxın, yeni dizayn çeşidlərinin seçilməsi məqsədilə “AzerGold” və Heydər Əliyev Mərkəzinin birgə təsis etdiyi “Qarabağ inciləri” mövzusunda müsabiqəsi elan edilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qələbəsinə və işğaldan azad edilən Qarabağa həsr olunan müsabiqənin layihə qəbulu mərhələsi dünən başa çatıb, ümumilikdə 900-dən artıq layihə qəbul edilib. Növbəti mərhələdə ölkənin tanınmış mütəxəssislərindən, dizayner və rəssamlarından təşkil edilmiş münsiflər heyəti 4 meyar – estetik görünüş, konseptual mövzu, unikallıq və tətbiqə yararlılıq meyarları əsasında 1-ci, 2-ci, 3-cü yerin qalibini seçəcəklər. Əlavə olaraq, müsabiqədə iştirak üçün seçilən bütün layihələr “www.azergold.gift” saytında onlayn səsverməyə çıxarılacaq. Ən çox səs toplayan layihə “İzləyici rəğbəti” nominasiyası üzrə qalib elan ediləcək. Gələcəkdə müsabiqənin qalibi elan edilmiş dizayn nümunələri əsasında yeni dizaynlı sikkələrin istehsalı planlaşdırılır.

Qeyd edilib ki, “AzerGold” QSC ölkədə dağ-mədən sənayesinin inkişafı üçün ən vacib elementlərdən sayılan kadr potensialının artırılmasına da xüsusi önəm verir. Sevindirici haldır ki, hazırda qızıl və gümüş hasilatını və emalını həyata keçirdiyimiz Daşkəsən rayonunda məşğulluğun səviyyəsi xeyli artıb. Önümüzdəki illərdə də bu sahədə müvafiq addımların atılması, digər bölgələrdə də yeni iş yerlərinin açılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub. Məhz bu məqsədlə, QSC-nin orta və uzunmüddətli korporativ strategiyası çərçivəsində növbəti illər üzrə kadr ehtiyacları müəyyənləşdirilib və kadrların zamanında cəlb edilməsinin təmini istiqamətində tədbirlərə başlanılıb.

Mütəxəssislərin ixtisas biliklərinin artırılması, təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində qarşılıqlı maraq doğuran əməkdaşlığın yaradılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu, o cümlədən 6 yerli universitetlə əməkdaşlıq memorandumu və protokolu çərçivəsində tərəfdaşlıq davam etdirilib. Bundan əlavə, Peşə Təhsili üzrə Dövlət Agentliyi razılaşma memorandumu imzalanıb.

Ali məktəblərlə əldə olunmuş razılaşmalara uyğun olaraq, müvafiq peşə-ixtisas sahəsi üzrə təhsil alan tələbələrin “Çovdar” filiz emalı sahəsinə mütəmadi səfərləri təşkil olunur. Beləliklə, ali məktəblərdə elmi-nəzəri biliklərə yiyələn tələbələr əyani surətdə istehsalat təcrübəsinə də yiyələnmiş olur, təcrübəsini uğurla tamamlamış məzunlar QSC-də işlə təmin edilirlər. Hesabat ili dövründə fəaliyyət sahələrində dayanıqlı təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə əməyin mühafizəsi və texniki təhlükəsizlik, habelə digər əlaqəli sahələr üzrə müvafiq tədbirlər fəaliyyət planına uyğun olaraq uğurla icra edilib.

Hesabat ilində xəsarətsiz ötüşən iş saatlarının miqdarı 554 min 333 saat olub, ümumilikdə 2016-2020-ci illər ərzində xəsarətsiz ötüşən iş saatlarının miqdarı 2 milyon saatı ötüb. Bu, 4 ildir ki fəaliyyət göstərən bir müəssisə üçün olduqca yüksək göstərici hesab olunur. Eyni zamanda, QSC fəaliyyətini 2020-ci il ərzində bütün dünya ölkələrində mövcud olan koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabinetinin müvafiq qərar və tapşırıqlarına uyğun olaraq qurub və fəaliyyət sahələrində mütəmadi profilaktik qabaqlayıcı tədbirlər görülüb.

Məlum olduğu kimi, ekoloji siyasət “AzerGold” QSC-nin fəaliyyətində əsas prioritetlərdəndir. QSC fəaliyyət sahələri üzrə ətraf mühitə təsirlərin qiymətləndirilməsi məqsədilə sahələrdə hazırlanan monitorinq proqramına uyğun olaraq ətraf mühitin monitorinqi işləri aparılır. Monitorinq zamanı atmosfer havasının toz və zərərli qazlarla çirklənməsi, həmçinin ətraf mühitin fiziki təsirlərlə (səs-küy, vibrasiya) çirklənməsi üzrə instrumental müşahidə işləri yerinə yetirilir. QSC tərəfindən hazırlanmış tədbirlər planı çərçivəsində kəşfiyyat, hasilat və emal prosesi zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Bununla yanaşı, ətraf ərazilərin tullantılardan təmizlənməsi üçün mütəmadi iməcilik tədbirlər keçirilir, ətraf mühitə töhfə vermək və ekosistemin bərpası üçün mütəmadi ağacəkmə aksiyaları keçirilir. Bu günədək keçirilmiş ağacəkmə aksiyaları və yaşıllaşdırma işləri çərçivəsində “Çovdar” mədəninin ərazisində 10 minədək ağac və kol əkilib.

“AzerGold”da istehsalat prosesi nəticəsində yaranan bütün növ tullantılar qanuna müvafiq şəkildə idarə olunur. İstehsal fəaliyyəti zamanı yaranan, eləcə də yararsız hesab edilən tullantılar: civə, aktiv karbon, yağ, akkumulyator və PET şüşələr təkrar emal üçün yönəldilir. Bununla yanaşı, ekoloji və sosial məsuliyyətin QSC-nin prioritetlərindən biri olduğunu nəzərə alaraq, “Çovdar” Filiz Emalı Sahəsində istismar nəticəsində filizin tərkibində olan civənin zərərsizləşdirilməsi məqsədilə növbəti ixracı 2020-ci ildə həyata keçirilib. Civənin torpaqda basdırılmasının insan sağlamlığına təhlükə yaratması və torpaqların çirklənməsi ilə nəticələnə biləcəyini nəzərə alaraq, civənin təkrar istifadəyə yönləndirilməsinin məqsədəmüvafiqliyi müəyyən edilib və müvafiq tədbirlər görülüb. Belə ki, istehsalat nəticəsində yaranmış 1 tondan artıq civə satış məqsədilə 2020-ci ilin avqustunda Papua-Yeni Qvineya ölkəsinə ixrac edilib. Nəticədə ətraf mühitin mühafizəsinə töhfə verilib, eyni zamanda, əlavə pul vəsaiti əldə edilib. Beləliklə, QSC BMT-nin “Minamata” və “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel konvensiyalarının tələblərini nəzərə almaqla, beynəlxalq qanunvericiliyə uyğun şəkildə civənin ikinci dəfə ixracını reallaşdırıb.

Məlum olduğu kimi, hər bir şirkətin icbari olaraq daşıdığı hüquqi məsuliyyəti var. Korporativ sosial məsuliyyət isə tamamilə könüllülük prinsipinə əsaslanan fəaliyyət növüdür. “AzerGold”un sosial fəallıq proqramları könüllü və sistemli xarakter daşıması şirkətin missiyası və inkişaf strategiyası, eləcə də dövlətin sosial yöndə həyata keçirdiyi tədbirlərə dəstək niyyəti ilə bağlıdır. QSC-nin korporativ sosial məsuliyyət siyasəti mahiyyət etibarilə cəmiyyətin inkişafında və ətraf mühitin mühafizəsində iştirakı barədə könüllü qərarını əks etdirir. 2020-ci il KSM sahəsində QSC-nin bir sıra uğurlu layihələri ilə yadda qalıb. “AzerGold”un 2019-cu ildə həyata keçirdiyi layihələrdən biri - Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində icra edilmiş “Fərdi aqrar təsərrüfatların iqlim dəyişikliklərinə adaptasiyası” mövzusundakı təlim layihəsi BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədlərinə daxil olan iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə məqsədi əsas götürülərək ötən il “Milli KSM mükafatı”na layiq görülüb. Qeyd edək ki, “AzerGold” QSC “Milli KSM mükafatı”na layiq görülən ilk və yeganə dövlət şirkətidir.

“AzerGold” QSC-nin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində icra edilən layihələri, eləcə də könüllülük prinsipi əsasında edilən ianələri sosial-iqtisadi dövlət proqramlarına, əhalinin sağlamlığının qorunmasına, insanların rifahına və Ordumuza dəstək xarakteri daşıyır. Bu çərçivədə ötən il Silahlı Qüvvələrə Yardım Fonduna, Koronavirusla Mübarizəyə Dəstək Fonduna o cümlədən, ölkəmizdə həyat keçirilən genişmiqyaslı sosial yardım aksiyalarına dəstək məqsədilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə ianələr ayrılıb. Cəmiyyət fəaliyyət göstərdiyi Daşkəsən rayonunda yerli əhalinin sosial-məişət problemlərinin həlli məqsədilə rayonunun Şadax kəndinə su xəttinin çəkilişi və bulağın tikilməsini təmin edərək, nəticədə kənd əhalisinin içməli su probleminin həllinə töhfə verib. Bununla yanaşı, QSC və tərəfdaşları tərəfindən koronavirus pandemiyası ilə əlaqədar və Novruz bayramı münasibətilə Daşkəsən rayonunun ucqar kəndlərində yaşayan 250-dən çox aztəminatlı ailəyə ərzaq sovqatı paylanılıb, eyni zamanda, həmin bölgədə yaşayan azyaşlılara QSC və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 100 ədəd “Kitab Sovqatı” hədiyə edilib. “Çovdar” Filiz Emalı Sahəsində mövsümi iməcilik işləri zamanı toplanmış 500 ədəd ot bağlaması mədən ərazisinin yaxınlığında yerləşən kəndlərdə kiçik fermer təsərrüfatına malik olan yerli sakinlərə paylanılıb. Ötən il əvvəlki illərdə olduğu kimi, Daşkəsən rayonunun “Çovdar” filiz emalı sahəsinin yaxınlığında yerləşən kəndlərində əhalinin təsərrüfat fəaliyyətinə dəstək məqsədilə aparılmış cari abadlıq işləri nəticəsində biçilmiş ot bağlamaları mütəmadi olaraq, QSC-nin əməkdaşları tərəfindən əsasən Çovdar kəndinin heyvandarlıqda məşğul olan aztəminatlı ailələrinə paylanılıb.

Bununla yanaşı, ötən il də QSC-nin əməkdaşlarının iştirakı ilə irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzi ilə birgə könüllü qanvermə aksiyaları təşkil edilib.

“Prezident İlham Əliyevin düzgün, düşünülmüş və məqsədyönlü siyasəti ilə ölkəmizin regionun ən qüdrətli ölkəsinə çevrilib. İqtisadi-siyasi, eləcə də sosial sahələrdə atılmış düzgün addımlar nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Təsadüfi deyil ki, ölkədə qeyri-neft sənayesinin inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları və konkret tədbirlər iqtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açıb. Bütün bu kimi müsbət meyllər ölkənin aparıcı mədən şirkəti olaraq bizim də öhdəliyimizə ciddi hədəflər qoyur. Başlıca məqsədimiz, qarşımızda duran ən əsas vəzifə ölkə iqtisadiyyatının inkişafına davamlı töhfələrimizi vermək, qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinə öz dəstəyimizi göstərməkdir. Əminəm ki, cari il ərzində də qarşıya qoyulan hədəflərə nail olunacaq, xüsusilə qarşıdakı dövrlərdə digər mədən sahələrinin istismara verilməsi, yeni iş yerlərinin yaradılması ilə bölgələrin sosial-iqtisadi mənzərəsinin daha da yaxşılaşdırılması istiqamətində ciddi uğurlara imza atılacaq”, - deyə Z.İbrahimov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Milli Məclisin sədr müavini Adil Əliyev: Böyük Qayıdış Proqramı uğurla icra edilir

ADY: Dəllər stansiyasında sərnişindaşıma bərpa olundu

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı

Çində “Qızıl həftə”də 900 milyona yaxın səfər gözlənilir

Beynəlxalq Astronavtika Konqresi çərçivəsində STEAM müəllimləri üçün seminar keçirilib

Komitə sədri: Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi Azərbaycanın iqtisadi imkanlarını artıracaq

FIDE-nin reytinq cədvəli: Nicat Abasov bir pillə irəliləyib

Murtuza Bülbül: Azərbaycan musiqisinin bütün dünyada səslənməsi mənim üçün qürurvericidir

Yüksək dağlıq ərazilərdə sulu qar və qar yağacaq

® “SAB” qanvermə aksiyası keçirib

Animatorların İnkişaf Proqramına qəbul başlayıb

II Azərbaycan Milli Şəhərsalma Forumu işini yekunlaşdırdı

® Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində fəaliyyətdədir

Xankəndi şəhəri ərazisində xeyli sayda tələ qurğular, silah-sursat aşkarlanıb

Dominik Tilmans: Kosmos bizə müxtəlif sahələrdə monitorinqlər aparmağa imkan verir

® “Nar” şəbəkəsi Xankəndi şəhərində

Xankəndidə tibbi işin təşkili ilə bağlı tədbirlər görülür VİDEO

Şirvanda şəhid Asif Qəribovun xatirəsi anılıb

Leyla Abdullayeva: Yalan çıxışlara son qoymağın vaxtıdır

Baş prokuror: Ermənistanın kütləvi məzarlıqlarla bağı verdiyi məlumatlar dəqiq olmur

İlqar İsbatov: Xocalıda mövcud vəziyyət öyrənildikdən sonra şəhərin planı hazırlanacaq

Azərbaycan dövləti İrpendə poliklinikanın təmirini öz üzərinə götürüb

”Smer” Slovakiyada keçirilən parlament seçkilərində qalib gəlib

2-ci Milli Şəhərsalma Forumu çərçivəsində TDT-yə üzv ölkələrin nazirlərinin dəyirmi masası təşkil edilib

Yeni işğaldan azad edilmiş ərazilərdə gələcəkdə prokurorluq binalarının inşası təmin ediləcək

“Baykar” Ukraynaya 100 milyon dollar həcmində sərmayə qoyur

Fuad Aslanov: Azərbaycan kosmos sahəsində qlobal miqyasda bir sıra mühüm təşəbbüslərlə çıxış edir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabahdan Bakıda arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayır

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Türkiyə DİN-in Təhlükəsizlik Baş İdarəsinə terror hücumu olub, iki nəfər yaralanıb YENİLƏNİB VİDEO

Şəhid olan hərbi qulluqçumuz Qusarda dəfn edilib

® Ağdərə və Xocalıdan sonra Xankəndi şəhəri də “Azercell” şəbəkəsi ilə əhatə olunub

Müasir şəhərlərdə miqrasiyanın idarə olunması əsas məsələlərdən biridir

Kamran Əliyev: Lokal antiterror tədbirlərindən sonra Azərbaycana qarşı cinayət törədən ermənilərin həbsi daha da sürətlənib VİDEO

Orqanizmin vərdiş etdiyi qida rasionundan qəfil imtina bir çox ciddi xəstəliklərə səbəb ola bilər

Ahmet Yozgatlıgil: Biz gələcək nəsillərə daha sabit bir dünya qoyub getməyə borcluyuq

Yardımlıda avtomobildən külli miqdarda narkotik vasitə aşkarlanıb

TÜRKSOY-un Baş katibi: TDT-nin üzvləri kosmos sahəsində birgə əməkdaşlığa böyük əhəmiyyət verir

IAF-ın sabiq prezidenti: Biz yeni kosmos erasına daxil oluruq

Oktyabrın 1-i Beynəlxalq Vegetarian Günüdür

IAF-ın prezidenti: Kosmos insanlar, xüsusilə gənclərimiz üçün maraq doğuran sahədir

Xüsusi müşavir: Kosmos bir çox mühüm məsələlərin həllində açar rolunu oynayır

Tahir Mirkişili: Ulu Öndərin 100 illiyində ölkəmizin Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi əlamətdar hadisədir

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib

IAF-ın Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı Bakıda öz işinə başlayıb

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı

Bakıda soyuducu təmir sexində yanğın olub

Bu gün Beynəlxalq Ahıllar Günüdür

Dünyanın müxtəlif ölkələrindən Türkiyə məzunları Bakıda görüşüblər

Azərbaycan antiterror tədbirləri ilə ikinci dəfə hərb tarixinə öz adını yazdırdı- AÇIQLAMA

Bu gün DİM xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirir

Bu gündən taksi minik avtomobillərinin sürücülərinə dair yeni tələblər qüvvəyə minir

Ankara Dövlət Polifonik Xor kollektivi Cümhuriyyətin 100 illiyinə xüsusi əsərlər ifa edəcək

Türkiyədə bələdiyyə seçkiləri gələn ilin martında keçiriləcək

Bu gün Türkiyə Böyük Millət Məclisinin payız sessiyası işə başlayacaq

Yunanıstan ilə Türkiyə arasında körpünün tikintisinə 2024-cü ildə başlanacaq

Cari ilin sonunadək Kahramanmaraşda 9 mindən çox evin zəlzələdən zərərçəkənlərə verilməsi gözlənilir

Oktyabrın 1-dən taksiylə sərnişin daşımalarına dair yeni tələblər qüvvəyə minib

Slovakiyada keçirilən növbədənkənar parlament seçkilərində liberal Proqressiv Slovakiya partiyası liderdir

Ukraynanın üç bölgəsində hava hücumu xəbərdarlığı elan edilib

Dağıstanın Xutrax kəndində güclü yanğın nəticəsində səkkiz ev yararsız hala düşüb

Amasiyada sərnişin avtobusu aşdı: 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Zaqatalada partlayıcı maddənin partlaması nəticəsində Vətən müharibəsi iştirakçısı həlak olub

İsmayıllıda 65 yaşlı kişinin öldürülməsi ilə bağlı cinayət işi açılıb

Ağsuda 3 otaqlı ev yanıb

"Tottenhem" "Liverpul"a qalib gəlib, Mançester təmsilçiləri uduzublar

Əsl hünər qurmaq, tikmək, yaratmaqdır – Deputat

Türkiyə Superliqası: "Qalatasaray" doğma meydanda çətin qələbə qazanıb

Bakıda Azərbaycan-İsrail Erkən Təhsil və Valideynlik Forumu keçirilib

Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilir VİDEO

İtaliyada 177 nəfərin olduğu gəmi-bərəsində yanğın baş verib

Azərbaycan Premyer Liqası: "Səbail" - "Sabah" oyununda qalib müəyyənləşib

İsmayıllıda adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat – SİYAHI

“Göyçay ensiklopediyası” adlı kitabın təqdimatı olub

Azərbaycanın hərbi qulluqçusunun şəhid olması faktı ilə bağlı cinayət işi başlanılıb

Kuklaçılar Gəncədə

Bakı Beynəlxalq Astronavtika Konqresi keçiriləcəyi məkanlara mediatur təşkil olunub

Bolqarıstanda energetiklərin və mədənçilərin etirazları yollarda hərəkəti çətinləşdirib

Müraciətlərin bir portal vasitəsilə qəbulu erməniəsilli sakinlərimizin qeydiyyatına kömək edəcək - ŞƏRH

Ürək-damar cərrahı: Kəskin mədə ağrıları miokard infarktının da əlaməti ola bilər

Qars-Naxçıvan dəmir yolu region dövlətləri üçün də faydalı olacaq ŞƏRH

Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub VİDEO

XİN erməni radikal qruplaşmalarının ABŞ-da təşkil olunan konfransın iştirakçılarına qarşı hücumunu pisləyib

Premyer Liqa: “Neftçi” səfərdə “Turan Tovuz”a qalib gəlib

“Qarabağ” azarkeşlərinə “Hekken”lə oyun üçün 1800 bilet ayrılıb

Zəngilan şəhərindəki 4-cü yaşayış kompleksində 131 mənzil olacaq

Sumqayıt çimərliyinin 3 hektardan artıq sahil zolağı tullantılardan təmizlənib

Bu gün Bakının 547 küçəsi yuyulub

Oktyabrın birinci ongünlüyünün ilk yarısında hava qeyri-sabit olacaq

Mingəçevirdə tanışını ehtiyatsızlıqdan öldürməkdə şübhəli bilinən şəxs tutulub

Sevinc Fətəliyeva: Ermənistan öz gələcəyini düşünürsə, Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməlidir

Zəngilan kəndinə birinci mərhələdə 489 sakinin köçürülməsi üçün 127 fərdi ev tikiləcək

Tezliklə süni intellekt vasitəsilə beyin əməliyyatları aparılacaq

Kolin Gibson: “Qarabağ”ın bütün oyunlarını böyük maraqla izləyirəm

Bəzi bölgələrdə yağış, yüksək dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır

Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı sənəd hüquqi qüvvəyə minəcək

Bakı Beynəlxalq Astronavtika Konqresi çərçivəsində beynəlxalq seminarlar davam edir

Müqəddəs Taxt-Tacın kardinallarının sayı artırılıb