İQTİSADİYYAT


“AzerGold”da Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilib

Bakı, 28 aprel, AZƏRTAC

Aprelin 27-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Çovdar” Filiz Emalı Sahəsində (ÇFES) Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “Böhranları qabaqlamaq və ona hazır olmaq – dayanıqlı əməyin mühafizəsi sistemlərinə investisiya qoymaq” mövzusunda tədbir keçirilib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, “Dayanıqlı təhlükəsizlik sistemlərinə sərmayə qoyuluşu vacibdir” şüarı ilə baş tutan tədbirdə “AzerGold”la yanaşı, Daşkəsən Rayon İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax Regional Bölməsinin nümayəndələri iştirak ediblər. “AzerGold”un İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Sədr müavini işçilərin sağlamlığının qorunması, təhlükəsiz iş mühitinin yaradılmasının “AzerGold”un əsas öncəliyi olduğunu vurğulayıb.

Qeyd olunub ki, şirkət bu istiqamətdəki fəaliyyətini daimi olaraq təkmilləşdirir və QSC-də əməyin mühafizəsinin norma və prinsiplərinə əməl edilməsi gündəlik fəaliyyətin əsas tərkib hissəsinə çevrilib.

Tədbirin davamında qonaqlar QSC-nin fəaliyyət sahələrində yaradılan iş şəraiti ilə tanışlıq məqsədilə istehsalat prosesini izləyib, ÇFES-də istifadə olunan fərdi və kollektiv mühafizə vasitələrinə baxış keçiriblər. Qonaqlara qurumun 2016-2020-ci illər ərzində xəsarətsiz ötüşən iş saatlarının 2 milyon saatı ötməsi barədə məlumat verilib. Tədbir iştirakçıları mədəndə tətbiq olunan dayanıqlı təhlükəsizlik qaydaları və əlverişli əmək şəraitindən məmnunluq ifadə ediblər.

Xatırladaq ki, 2003-cü ildə Beynəlxalq Əmək Təşkilatının qərarı ilə aprelin 28-i Ümumdünya Əməyin Mühafizəsi Günü kimi təsis olunub. Bu günün ölkəmizdə və dünyada hər il qeyd olunmasında məqsəd ictimaiyyətin diqqətini iş yerlərində əməyin mühafizəsinə, işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına yönəltməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.