SİYASƏT
AzərTAc-ın yeni videosaytı istifadəyə verildi VİDEO
Bakı, 10 oktyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) yeni saytı fəaliyyətə başlayıb. Müasir dizaynda hazırlanan, yüksək funksionallığa malik saytda oxucuların informasiyalarla rahat və operativ tanış olmaları üçün bir sıra yeniliklər edilib. İndi AZƏRTAC-ın oxucuları sayta abunə olmaqla bütün xəbərləri, video və foto informasiyaları birbaşa öz elektron ünvanları vasitəsilə də ala bilirlər.
Bu gün isə AZƏRTAC-ın yenilənmiş videosaytı istifadəyə verilib. Bu resursda istifadəçilər Azərbaycanda və dünyada baş verən hadisələr haqqında yığcam və dolğun məlumat alacaq, agentliyin maraqlı layihələri ilə tanış ola biləcəklər.
Azərbaycan, rus, ingilis, fransız və alman dillərində fəaliyyət göstərən videosaytın rubrikalarında da dəyişiklik edilib, yeni yaradılan bölmələrdə xəbərlərin istifadəsi daha da asanlaşıb.
AZƏRTAC-ın yenilikləri bununla bitmir. İstifadəçilər agentliyin informasiyalarını yaxın günlərdə saytın yenilənəcək mobil versiyası, android və iOS platformalarında işləyən cihazlar üçün hazırlanmış proqramlar vasitəsilə də oxuya biləcəklər.