CƏMİYYƏT
Azər Əliyev: Milli şuralar arasında əlaqələrin güclənməsi prioritet istiqamətlərdəndir
Bakı, 1 dekabr, Həsrət Mahmudova, AZƏRTAC
Hazırda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) olaraq Moldova Milli Şurasının təşkilatçılığı ilə Kişineu şəhərində Şərq Tərəfdaşlığı ölkələrinin Milli şuralarının (Azərbaycan, Belarus, Moldova, Gürcüstan, Ukrayna) növbəti 4 günlük koordinasiya görüşü keçirilir. Görüşdə Milli şuralar arasında əlaqələrin güclənməsi, növbəti illər üçün hədəflərin müəyyən olunması, gələcək əməkdaşlıqların müzakirəsi əsas prioritet istiqamətlərdəndir.
Bunu AZƏRTAC-a açıqlamasında ARGTMŞ-nin sədri Azər Əliyev bildirib.
O, bundan əvvəl Tbilisi və Bakıda bir sıra koordinasiya görüşlərinin keçirildiyini xatırladaraq deyib. “Bu ilin sentyabrında 6 ölkənin Milli şurasından 50-yə yaxın gəncin iştirakı ilə 5 günlük təlimimiz oldu”.
“Milli Şura olaraq üzv gənclər təşkilatlarımız ilə birlikdə beynəlxalq əlaqələrimizin genişlənməsi və inkişafına xüsusi diqqətlə yanaşırıq. Bu görüşün də bizim üçün əhəmiyyəti ondan ibarətdir ki, beynəlxalq təmsilçiliyimiz inkişaf edir, digər gənclər təşkilatları üçün beynəlxalq imkanlar haqqında məlumatımız olur və istər donorlara müraciət edəndə, istərsə də beynəlxalq layihələr həyata keçirən zaman bu şəbəkənin imkanlarından geniş istifadə edə bilirik”, - deyə Azər Əliyev əlavə edib.