SİYASƏT


Azər Badamov: Azərbaycan Ordusu ilkə imza ataraq müasir dünya tarixində yeni bir qəhrəmanlıq səhifəsi yazıb

Bakı, 26 iyun, AZƏRTAC

Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad edərək İkinci Dünya müharibəsindən sonra ilkə imza ataraq müasir dünya tarixində yeni bir qəhrəmanlıq səhifəsini yazmış oldu. Bu qəhrəmanlıq tarixinə uzun illərin hazırlığı sayəsində nail olunub. Çünki tarix bizə sübut etdi ki, güclü ordu olmadan dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumaq olduqca çətin prosesdir. Bu gün ordunun yaranmasını sevinclə, şərəflə və qürurla qeyd edirik. Amma tarixə nəzər salsaq görərik ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Bunun da səbəbi Cümhuriyyətin güclü orduya malik olmaması idi. Amma 1969-cu ildə sovet Azərbaycanına rəhbər təyin olunmuş ulu öndər Heydər Əliyev milli hərbi kadrların hazırlanmasını əsas məqsəd kimi qarşısına qoyaraq 1971-ci ildə Naxçıvanski adına Hərbi Liseyin açılmasına nail oldu. Ümummilli Lider bilirdi ki, Azərbaycan nə vaxtsa yenidən öz müstəqilliyinə qovuşacaq və o zaman ordunun formalaşdırılması üçün hərbi mütəxəssislərə ehtiyac yaranacaq. Tarix Ulu Öndərin gözləntilərini doğrultdu və 1991-ci ildə Sovetlər İttifaqının dağılması nəticəsində Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşdu. Müstəqilliyimizin ilk illərində dövlət rəhbərliyində olan şəxslərin təcrübəsizliyi və idarəetmənin nə olduğunu bilməməsi Azərbaycanın 70 il intizarla gözləyərək yenicə nail olduğu dövlət müstəqilliyini təhlükə altına salırdı. Ümummilli Liderin hakimiyyətə qayıdışı Azərbaycanı bütün təhlükələrdən sovuşdurdu. Bundan sonra dövlət müstəqilliyini qorumaq üçün, ilk növbədə, pərakəndə hərbi birləşmələri ləğv edərək nizami ordunun yaradılması istiqamətində ciddi addımlar atıldı. Bu məqsədlə həm də ittifaq ordusunda xidmət etmiş azərbaycanlı kadrların vətənə qayıdaraq orduya qoşulmağına çağırış edildi. Məhz 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz əməliyyatı keçirildi. Uğurla keçirilən əməliyyat yenicə formalaşmağa başlamış ordumuz tərəfindən Horadiz qəsəbəsi və 21 yaşayış məntəqəsinin qəhrəmancasına azad edilərək düşməni atəşkəs haqqında sazişə imza atmağa məcbur etdi. Atəşkəsin əldə olunması ölkəmizin nizami ordusunun formalaşdırılması üçün bir imkan idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat qeyd edib ki, ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 iyun tarixi Silahlı Qüvvələr Günü elan olundu. Ümummilli Liderin ordu quruculuğu prosesi 2003-cü ildə xalqın böyük səs çoxluğu ilə Prezident seçilən İlham Əliyevin qarşısında dayanan bir nömrəli vəzifə oldu. Vətən torpaqları işğal altında olduğundan 1 milyondan artıq qaçqın və məcburi köçkünün istəyi öz doğma yurdlarına qayıtmaq idi. Prezident İlham Əliyev orduda xidmət edənlərin məişət şəraitinin yaxşılaşdırılması, yeni hərbi hissələrin tikilməsi, müasir silahların alınması üçün məqsədyönlü işlər görməyə başladı. Paralel olaraq ordunun peşəkarlığının artırılması və ordu sıralarında xidmət etmək üçün Vətəni sevən gənc nəslin formalaşdırılması istiqamətində böyük işlər görülməyə başlandı. Dövlətimizin başçısı qeyd edirdi ki, orduda xidmət edən zabiti ailəsinin qayğısı narahat etməməlidir. Ona görə də zabitlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yeni hərbi şəhərciklər tikildi, həm də 20 il “Qüsursuz xidmətə görə” mənzillə təminetmə Dövlət Proqramı imzalandı.

“Azərbaycan yenidən müharibə istəmirdi və torpaqların işğaldan azad edilməsinə beynəlxalq hüquq müstəvisində danışıqlar yolu ilə nail olmağa çalışırdı. Amma beynəlxalq hüquq və dünyada baş verən proseslər onu sübut etdi ki, güclü iqtisadiyyatı və ordusu olmayan ölkənin torpağı heç vaxt işğaldan azad oluna bilməz. Prezident İlham Əliyev Azərbaycanın işğalla heç vaxt barışmayacağını və müharibəyə hazırlaşdığımızı beynəlxalq tribunalardan açıq şəkildə bəyan edirdi. Amma beynəlxalq ictimaiyyət bizim çağırışları ciddi qəbul etmədi və hətta azğınlaşmış Ermənistanın yeni ərazilər uğrunda müharibə edəcəyi ilə bağlı çağırışlarını susqunluqla seyr etdi. Ermənistan isə təmas xəttində və dövlət sərhədində mütəmadi təxribatlar törədir və Şuşada təlxək oyunları təşkil etməklə azərbaycanlıların səbrini sınayırdı. Bütün bu olanlar və danışıqların səmərəsiz olması müharibəni qaçılmaz edirdi. Belə də oldu, nəhayət 2020-ci il sentyabrın 27-də Prezident, Ali Baş Komandan İlham Əliyev orduya tapşırıq verdi və xalqımıza çağırış etdi. Xalq Ali Baş Komandanın çağırışından sonra dəmir yumruq kimi birləşdi. Ordumuz 44 günlük müharibənin hər bir günündə ərazilərimizi düşməndən təmizləməklə qəhrəmanlıq səhifəsi yazdı. Nəhayət noyabrın 8-də Şuşanı azad edən müzəffər Ordumuz uzun illər ətrafında məğlubedilməzlik mifini yaratmış olduğu erməniləri darmadağın edərək düşməni noyabrın 10-da kapitulyasiya sənədinə imza atmağa məcbur etdi. Ordumuzun İkinci Qarabağ müharibəsində göstərdiyi döyüş təcrübəsi dünya hərb tarixinə daxil oldu. Bu gün dünyanın inkişaf etmiş orduları olan ölkələr öz hərbi kadrlarının hazırlanmasında Azərbaycanın təcrübəsini tədris edirlər və öyrənirlər. Ordumuz həm müasir pilotsuz uçuş aparatları (PUA) ilə, həm də ağır silahlarla qayalardan dırmaşaraq əlbəyaxa döyüşlə Şuşanı azad edən Xüsusi Təyinatlı Qüvvələrlə yeni döyüş səhnələrini nümayiş etdirdi. Bu gün Ali Baş Komandanın təcrübəsi, siyasi iradəsi, Vətəninə olan sevgisi, xalqını dəmir yumruq kimi birləşdirmək bacarığı və peşəkar ordu hazırlanması sayəsində Azərbaycan öz ərazilərini düşmən tapdağından azad edərək qəhrəman və məğlubedilməz ölkəyə çevrilib. Müharibənin başa çatdığı iki ilə yaxın bir müddətdə ordumuzun peşəkarlığının daha da artırılması istiqamətində böyük işlər görülür. Yeni Komando briqadaları yaradılır, daha müasir silahlar alınaraq ordumuzun arsenalına qəbul edilir, 44 günlük döyüşün hər bir günü yenidən təhlil olunur və müəyyən düzəlişlər edilir. Həmçinin Türkiyənin ordu təcrübəsinin dərindən öyrənilməsi üçün birgə hərbi təlimlərə keçirilir və ordumuz daha da güclənir”, - deyə Azər Badamov vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.