SİYASƏT


Azər Badamov: Azərbaycan-Özbəkistan dostluğunun genişlənməsi bütün Türk dünyasında birliyin möhkəmlənməsinə böyük töhfə verəcək

Bakı, 23 iyun, AZƏRTAC

Azərbaycanla Özbəkistan arasındakı dostluq və qardaşlıq münasibətlərinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. 1970-ci ildə sovet Azərbaycanına rəhbərlik edən ulu öndər Heydər Əliyev ilə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaxın dostluq əlaqələri olub. Bu da xalqlarımız arasında dostluğun möhkəmlənməsinə xidmət edib. Həmin illərdə respublikalarımız təcrübə mübadiləsi edir və pambıq istehsalına görə yarışlara qoşulurdu. Hətta bu mövzuda filmlər də çəkilib. Müstəqilliyimizin ilk illərindən başlayaraq ümummilli lider Heydər Əliyev və Özbəkistan Respublikasının ilk prezidenti İslam Kərimov arasındakı dostluq münasibətləri müstəqil ölkələrimizin daha da yaxınlaşmasının bünövrəsini möhkəmlətmiş oldu. Daşkənddə Heydər Əliyev Meydanın açılması da özbək xalqının Ümummilli Liderimizə olan böyük hörmət və sevgisindən irəli gəlir. Möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Özbəkistan münasibətləri iki dövlət başçısı arasındakı dostluq və qardaşlıq üzərindən özünün ən yüksək inkişaf dövrünü yaşayır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Özbəkistanda yüksək sevgi və hörmətlə qarşılanması, həm də ona göstərilən böyük ehtiram ancaq qardaş ölkələrin rəhbərlərinin səfərləri çərçivəsində baş verir. Azərbaycan və Özbəkistan prezidentlərinin imzaladıqları strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında sənəd gələcək fəaliyyətin yol xəritəsi olacaq. Dövlətimizin başçısının rəhbərliyi ilə nümayəndə heyətimizin Özbəkistana səfəri çərçivəsində biznes forumun keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərəcək. Həmçinin əməkdaşlığın genişləndirilməsinə dair sənədlərin imzalanması bu əlaqələrin yüksəlməsi üçün mövcud potensialdan səmərəli istifadə edilməsinə imkan verəcək. Qeyd edə bilərik ki, ölkələrimiz arasında ticarət dövriyyəsi yüksək templə artmaqdadır. Belə ki, 2021-ci ildə ölkələrimiz arası ticarət dövriyyəsi 111 milyon dolları keçməklə 2020-ci ilə nisbətən 40 faiz artıb. Azərbaycan iş adamlarının Özbəkistan iqtisadiyyatına qoyduğu investisiyaların həcmi də artmaqda davam edir. Hesab edirəm ki, keçirilmiş biznes forumları çərçivəsində imzalanan sənədlər və razılaşdırılmış məsələlər ölkələrimiz arası qarşılıqlı investisiya mühitini daha da intensivləşdirəcək, eyni zamanda, Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığı daha da dərinləşdirəcək. Hökumətlərarası Komissiyaya görülən işlər barəsində hər ay prezidentlərə məlumat verilməsinin tapşırılması qısa zaman kəsiyində iqtisadi əməkdaşlığın yeni mərhələyə çıxacağı haqqında fikir yürüdülməsinə imkan verir.

“Azərbaycan və Özbəkistan xalqlarının eyni dilə, dinə, soykökünə və oxşar mədəniyyətlərə malik olmasını, həmçinin beynəlxalq arenada bir-birinin yanında yer almasını vurğulamaq olar. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib, 44 günlük Vətən müharibəsində qazandığımız böyük qələbəmizi sevinclə qarşılayan ölkələrdən biri olub. Qarşılıqlı səfərlər çərçivəsində Prezident Şavkat Mirziyoyevin Azərbaycan xalqını qələbə münasibətilə böyük sevinclə təbrik etməsi əsl dostluğumuzun və qardaşlığımızın nümayişidir. Prezidentlərin imzaladığı Bəyannamə çoxşaxəli əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Orada xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. Hər iki dövlət başçısının imzaladıqları sənəddə hərbi, sənaye, kənd təsərrüfatı, nəqliyyat və digər sahələr üzrə, o cümlədən hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil, həm də nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub. Yəni, Azərbaycanın son illər ərsəyə gətirdiyi Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri, o cümlədən Ələt Beynəlxalq Ticarət Limanını və Bakı-Tiblisi-Qars dəmir yolunun istifadəyə verilməsi Özbəkistan Respublikası üçün Avropaya qədər yük daşımalarının həyata keçirilməsində yeni imkanlar açır. Sonda qeyd etmək yerinə düşər ki, Azərbaycan-Özbəkistan dostluğunun və əməkdaşlığının genişlənməsi bütün Türk dünyası arasında birliyin möhkəmlənməsinə böyük töhfə verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.