İQTİSADİYYAT
Azər Badamov: İctimai nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə ehtiyac var idi
Bakı, 1 avqust, AZƏRTAC
Dünyanın hər yerində müxtəlif xidmət sahələri dövlət büdcəsinə gəlir cəlb edir. Azərbaycanda isə əksər xidmət sahələri dövlətin himayəsindədir. Buna görə də ictimai nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə ehtiyac var idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib. Deputat deyib ki, ictimai nəqliyyatda xidmətlərin modernləşdirilməsi üçün hər il dövlət büdcəsindən kifayət qədər maliyyə vəsaiti ayrılır. Qiymətlərin ucuz olması xidmətlərin yenilənməsinə çətinlik yaradır, bu sahəyə dövlət büdcəsindən ayrılan dotasiyanın da artmasına gətirib çıxarır. Bu isə dövlətin xidmət sahələrinə əlavə vəsait xərcləməsinə səbəb olur.
Deputatın fikrincə, gedişhaqqından gələn əlavə vəsait yeni metro stansiyalarının tikintisinin sürətləndirilməsinə, müasir avtobusların alınmasına, qeyd olunan xidmət sahələrində iş fəaliyyətinin yaxşılaşdırılmasına, xidmətlərin səviyyəsinin yüksəlməsinə kömək edəcək.
Müsahibimiz qeyd edib ki, MDB və ümumilikdə dünya ölkələri ilə müqayisədə Azərbaycanda ictimai nəqliyyat və metronun qiyməti ən aşağı səviyyədədir. On ilə yaxındır ki, ölkəmizdə nəqliyyat xidmətlərinə görə qiymətlər dəyişdirilməmiş qalır. Lakin bu müddət ərzində nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində əsaslı tədbirlər həyata keçirilib. Yəni, ictimai nəqliyyat və metro infrastrukturu müasir standartlara uyğun yenidən və əsaslı şəkildə qurulub. Bir sözlə, nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qərarın qəbulu labüd idi.