SİYASƏT
Azər Həsrət: Brüsseldə Paşinyanın diqqətdən kənarda qalması təbiidir
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycan Prezidentinin Brüsselə səfəri bir daha göstərdi ki, Qafqazda əsas söz sahibi hansı ölkədir, hansı liderdir. Onun ən yüksək səviyyədə xüsusi diqqətlə qarşılanması, istər Avropa İttifaqı, istərsə də NATO çərçivəsində ayrı-ayrı tanınmış dünya siyasətçilərinin məhz onunla görüşə can atması bunu bir daha təsdiqlədi.
Bu sözləri siyasi şərhçi Azər Həsrət Prezident İlham Əliyevin Belçika Krallığına səfəri barədə AZƏRTAC-a açıqlamasında deyib.
“Prezident İlham Əliyev həm dünya səviyyəli siyasi xadim olması ilə, həm də ölkəsinin, xalqının mənafelərinə söykənən siyasət aparması ilə bu hörməti və diqqəti qazanıb. Yəni, öz dövlətini ləyaqətlə təmsil etməsi, Azərbaycanın maraqlarını heç bir tərəfin maraqlarına güzəştə getməməsi onun barəsində yüksək rəyin formalaşmasına səbəb olub. Avropa liderləri birmənalı şəkildə əmindirlər ki, Prezident İlham Əliyevin başçılıq etdiyi bir ölkə ilə arxayın və əmin bir durumda işbirliyi həyata keçirə bilərlər. Bu imicin qazanılması, əlbəttə ki, İlham Əliyevin etibarlı siyasətçi olmasından irəli gəlir”, - deyə Azər Həsrət əlavə edib.
Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə diqqət görməməsinin, öz istəklərini gerçəkləşdirə bilməməsinin təəccüblü olmadığını deyən siyasi şərhçi vurğulayıb: “Bu adam ölkəsinin baş naziri olsa da hələ ki, Avropa liderləri onu ciddi qəbul etməkdə tərəddüd edirlər. Çünki avropalılar ciddi siyasi keçmişi olmayan, küçədən birbaşa hakimiyyətə gəlmiş birisi ilə həmişə ehtiyatlı davranırlar. Avropalılar hələ bu şəxsin siyasi mövqeyini qəti şəkildə aydınlaşdırmaqda çətinlik çəkirlər. Ona görə ki, N.Paşinyanın özü belə nə istədiyini, nə edəcəyini müəyyənləşdirə bilmir. Niyə? Ona görə ki, siyasi səriştəsi, təcrübəsi kasaddır. Paşinyan inqilabın lideri kimi Avropa İttifaqından və onun rəsmilərindən özünə və ölkəsinə qarşı böyük diqqət gözləyirdi. Amma Ermənistan mediasının iddia etdiyi kimi, qırmızı xalçalar sərilmədi, Paşinyan təntənəli şəkildə, alqışlarla qarşılanmadı. Bu şəxs heç bir göstəricisinə görə Prezident İlham Əliyevlə, təbii ki, onun başçılıq etdiyi ölkə də Azərbaycanla eyni səviyyədə diqqət görə bilməz.
Bir sözlə, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Brüsselə səfəri güclü, özünə güvənli, prinsipial, böyük hörmət sahibi olan Azərbaycanın fonunda cılız, heç kimə lazım olmayan, olduqca zəif Ermənistanın obrazını açıq nümayiş etdirdi. Bu reallıq Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarına uyğun yürütdüyü məqsədyönlü və prinsipial siyasi kursun nəticəsidir”.