İDMAN
Azər Məhərrəmov: Azərbaycan triatlonçuları “Tokio 2020” Yay Olimpiya Oyunlarına iki lisenziya qazana bilərlər
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev ölkədə idmanın, eləcə də triatlonun inkişafına böyük diqqət göstərir. Gənclər və İdman Nazirliyi (GİN) və Milli Olimpiya Komitəsinin (MOK) dəstəyi ilə son 5 ildə olduğu kimi, işlərimizi uğurla davam etdiririk. Olimpiya idman növünün zirvəsi Olimpiadadır. Gələn il Yay Olimpiya Oyunlarına Tokio ev sahibliyi edəcək və dörd illiyin zirvə yarışının proqramında triatlon da yer alıb. Bizim əsas məqsədimiz ötən Olimpiada ilə müqayisədə “Tokio 2020”yə iki lisenziya qazanmaqdır.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Triatlon Federasiyasının prezidenti Azər Məhərrəmov deyib.
Federasiya rəsmisi qeyd edib ki, fors-major baş verməsə, biz bu iki lisenziyanı qazana biləcəyik. Əslində 3 lisenziya əldə oluna bilərdi. Ancaq zədə səbəbindən bu alınmayacaq. Bir lisenziyanın kişilərin, digərinin isə qadınların yarışlarında qazanılacağını güman edirəm.
“Olimpiadaya triatlon üzrə hazırlıq yarışdan iki il öncəki tsikldə başlayır. Hazırlığa əsasən may-iyun aylarında start verilir. Olimpiya Oyunlarına bir ay qalmış hazırlığa yekun vurulur və reytinq xallarına görə, lisenziya qazanan triatlonçular müəyyənləşir. Azərbaycan ilk dəfə “Rio-2016” Yay Olimpiya Oyunlarının triatlon yarışlarında təmsil olunub. Həmin vaxt komandamızın lideri Rastislav Pevtsov Olimpiadaya yarım il qalmış lisenziyanı təmin etmişdi. Bu, ölkə idmanı üçün bir ilk idi. Belə ki, Azərbaycan dörd illiyin zirvə yarışında triatlonda təmsil olunacaqdı. Olimpiadaya hazırlıq tsiklinin ilk mərhələsinə mayda yekun vurulacaq. Ümumiyyətlə, tsikl gələn ilin mayında başa çatacaq”, - deyə A.Məhərrəmov əlavə edib.
GİN və MOK-la birgə tərtib olunmuş təqvim planının uğurla davam etdirildiyini vurğulayan federasiya rəsmisi bildirib ki, cari ildə idmançılarımızı çox ciddi sınaqlar gözləyir. Millimizin cari ildə ilk təlim-məşq toplanışı Kiprin Larnaka şəhərində təşkil olunub. Hazırda millimiz İspaniyada hazırlıq prosesini davam etdirir. Vaxtaşırı millimiz dünya və Avropa kuboku, qitə və dünya birinciliyi çərçivəsində mərhələ yarışlarına qatılır. Cari ilə də idmançılarımız uğurla start veriblər. Triatlonçularımız Avstriya, İspaniya, Yeni Zelandiya, Avstraliya və Mərakeşdə güclərini sınayacaqlar.
A.Məhərrəmov deyib: “Cari ilin payızında ABŞ-ın San-Dieqo şəhərində Dünya Çimərlik Oyunları (DÇO) təşkil olunacaq. MOK bizə mötəbər turnirdə triatlonun akvatlon növündə çıxış etməyi təklif edib. Bu növ üzrə yarışlarda federasiyamızın idmançıları bir çox uğur qazanıblar. İdmançılarımız DÇO-da iştirak üçün uduş kartı əldə etməlidirlər. Aprelin sonu mayın əvvəlində İspaniyada turnir təşkil olunacaq və idmançılarımız uduş kartı uğrunda mübarizə aparacaqlar. Ümid edirəm ki, idmançılarımız DÇO-da iştirak hüququ qazanacaqlar. Uduş kartını əldə etmək üçün komandamızda yetərincə perspektivli idmançılar var”.
Müsahibimiz bildirib ki, gənc triatlonçular üçün federasiya tərəfindən hər cür şərait yaradılıb. Onlar hazırlıq prosesini Bakı Su İdmanı Sarayında keçirlər. Gənclərlə yanaşı, yeniyetmələrin də bu arenada məşqi təşkil olunur. Triatlonun kütləviləşməsi istiqamətində bir qədər çətinliyimiz var. Ancaq biz dayanmadan bunun üzərində çalışırıq. Bölgələrlə bağlı bir çox planlarımız mövcuddur. Bir müddət əvvəl Quba və Mingəçevirdə bir sıra işlər həyata keçirildi. Cari ildə bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Həmçinin ölkəmizdə triatlon üzrə klub yaradılıb. Biz çalışdıq ki, “Iron man” yarışlarında uğurla çıxış edən yerli və əcnəbi idmançıları bir klubda cəmləşdirək. Ötən il ölkəmizdə yüksək səviyyədə təşkil olunan “Iron man” yarışının bu il də keçirilməsi istiqamətində addımlar atılır.