MƏDƏNİYYƏT


Azər Paşa Nemətov: Ən möhtəşəm premyeralarımızı Şuşada təqdim edəcəyik

Bakı, 27 sentyabr, AZƏRTAC

Vətən müharibəsi Azərbaycan tarixinin qürur, şərəf və ləyaqət səhifəsidir. Xoşbəxt adamlarıq ki, bu tarixə şahidlik etmək bizə nəsib oldu. Azərbaycan xalqı 30 ilə yaxın idi ki, yurd-yuva həsrəti ilə yaşayırdı. Taleyinə köçkünlük düşən insanlar bu ağrı-acını yaşasalar da, heç vaxt inamlarını itirmədilər. İndi hamımız torpaqlarımızın azad olunmasının sevincini yaşayırıq. Bu sevinci bizə Ali Baş Komandanımız, Prezident İlham Əliyev yaşatdı.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti, professor Azər Paşa Nemətov deyib.

“Sentyabrın 27-də erməni təxribatçıları bizə qarşı növbəti çirkin niyyətlərini həyata keçirməyə çalışdılar. Ali Baş Komandanın iradəsi və göstərişi ilə ordumuz əks-həmlə hücumuna başladı. 44 gün davam edən müharibədə Azərbaycanın igid oğulları görünməmiş qəhrəmanlıq göstərdilər və illərdir düşmən tapdağı altında qalan yurd yerlərimiz öz azadlığına qovuşdu. Biz bu 44 gündə nə gördük? Əlbəttə, xalqın öz liderinin ətrafında necə qətiyyət və məhəbbətlə birləşməyini. Böyük ruh yüksəkliyi, şövq, sabaha olan tükənməyən inam. Məhz bu ali keyfiyyətlər bizi Qələbəyə apardı”, - deyə Xalq artisti bildirib.

Azər Paşa Nemətov deyib: “Bu gün Qarabağ azaddır. Birinci və ikinci Qarabağ müharibəsində qanı tökülən şəhidlərimizin ruhu şaddır. Onların qisası düşməndən alınıb. Onların qanı yerdə qalmayıb. Şuşada “Xarıbülbül” festivalı və Vaqif Poeziya Günləri, Üzeyir Hacıbəyliyə həsr olunmuş musiqi günləri böyük uğurla başa çatdı. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Bundan sonra biz Şuşada hələ çox belə tədbirlər keçirəcəyik. İnşallah, Şuşada teatr tamaşaları oynayacağıq. Ən möhtəşəm premyeralarımızı Şuşada təqdim edəcəyik. Bu, bütün teatr xadimlərinin arzusudur”.

Bu gün Qarabağda quruculuq işləri aparıldığını söyləyən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vurğulayıb ki, tezliklə Şuşa, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl və başqa rayonlarımız dünyanın ən gözəl şəhərlərinə çevriləcək: “Mən Vətən yolunda canından keçmiş bütün oğullarımızın unudulmaz xatirəsi qarşısında baş əyirəm. Qazilərimizə can sağlığı, şəhid ailələrinə səbir, dözüm və təmkin arzu edirəm. Azərbaycan xalqı bu oğulları heç zaman unutmayacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.