SİYASƏT


Azər Paşa Nemətov: Ölkəmizdə mövcud olan xalq-iqtidar birliyini heç bir qüvvə sarsıda bilməz

Bakı, 14 iyul, AZƏRTAC

Gəncədə baş verən hadisələri böyük narahatlıq hissi ilə qarşıladım. Bütün teatr xadimləri bu hadisələri kəskin şəkildə pisləyirlər. Biz Vətənini sevən hər bir kəsi dövlətimizin maraqlarını qorumağa, radikal qüvvələrə qarşı fəal vətəndaşlıq mövqeyi nümayiş etdirməyə çağırırıq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq Artisti Azər Paşa Nemətov Gəncə hadisələrinə münasibət bildirərkən deyib.

“Ortalıqda olan fakt onu göstərir ki, bir qrup radikal şəxs təkcə Gəncədə yox, bütün ölkədə sabitliyi pozmağa çalışıb. Amma onlar buna heç vaxt nail ola bilməyəcəklər. Əlbəttə, bu, qanunların pozulmasıdır. Qanunun kobud şəkildə pozulması isə cinayət əməlidir. Biz tarix boyu Gəncəni qəhrəmanlıq şəhəri kimi tanımışıq. Gəncə və gəncəlilər tarix boyu dövlətçiliyə sadiq olublar. Gəncə Xalq Cümhuriyyətinin paytaxtı olub. Gəncə həm də Azərbaycan teatrının mərkəzlərindən biri olub, böyük aktyorlar nəsli yetişdirib”, - deyə A.Nemətov söyləyib.

Müstəqil Azərbaycanda din-dövlət münasibətlərinin ən yüksək səviyyədə təmin olunduğunu, inanclı insanların ibadəti üçün bütün şəraitin yaradıldığını vurğulayan Xalq Artisti deyib: “Ölkəmizdə mövcud olan xalq-iqtidar birliyini heç bir qüvvə sarsıda bilməz. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dönə-dönə qeyd edib ki, Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayıb və bu gün də yaşayır. Ölkəmizdə heç vaxt milli və dini zəmində ayrı-seçkilik olmayıb. Hər kəsə bəllidir ki, dövlətimizin başçısının apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın qabaqcıl ölkəsinə çevrilib. Multikulturalizm dövlət siyasəti elan edilib. Bütün azadlıqlar tanınır. İrimiqyaslı beynəlxalq layihələr həyata keçirilir. Təəssüf ki, hələ də bütün bu uğurları gözü götürməyən, çaxnaşma, itaətsizlik yaratmağa çalışan insanlar var. Onların hər biri qanun qarşısında öz cəzalarını alacaqlar. Bu gün Azərbaycan dövləti müstəqildir, qüdrətlidir. Qüdrətli Azərbaycanı heç bir qüvvə sarsıda bilməz”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.