SİYASƏT


Azər Süleymanov: Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi bizim qürurumuz və müqəddəs borcumuzdur

Tbilisi, 28 sentyabr, AZƏRTAC

Son 30 ildə Azərbaycanın ərazi bütövlüyü daim mənfur qonşumuz Ermənistanın və erməni terror silahlı birləşmələrinin işğalçı hücumlarına məruz qalıb, bu işğalçılıq siyasəti və onların havadarlarının dəstəyi sayəsində Azərbaycan ərazisinin 20 faizini itirib. Cənubi Qafqazda mehriban qonşuluq münasibətlərinə böyük zərbə vuran ermənilər Azərbaycanla yanaşı, Gürcüstanın da ərazisinə və əhalisinə qarşı ağlasığmaz vəhşiliklər törədib. Bu gün Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün bərpasına qarşı Ermənistan tərəfindən daim təhdidlər yağdırılır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Gürcüstan parlamentinin deputatı Azər Süleymanov bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın sağalmaz yarasına çevrilən Qarabağ itkisi və savaşı bu gün bütövlüklə Azərbaycan-Ermənistan sərhədi boyunca daha da alovlanmaqdadır. Məhz Prezident İlham Əliyevin dəqiqliklə həyata keçirdiyi daxili və xarici siyasətin sayəsində biz bir daha əmin olduq ki, onun uzaqgörənliyi və Ali Baş Komandan olaraq ən həssas nöqtəsinə qədər hesablanmış hərbi taktikasının bu gün geniş miqyasda icrası zamanın tələbi kimi qarşıda müqəddəs vəzifəyə çevrilib.

Azərbaycan əsgərinin hərbi gücünün ifadəsi olaraq bir neçə il öncə baş vermiş Lələtəpə əməliyyatı artıq qüdrətli və döyüşkən ruhlu bir Ordumuzun olduğunu göstərdi. Mənfur düşmən bundan dərs çıxarmayaraq bir neçə ay öncə yenidən cəbhə xəttini dəyişməklə Qarabağdan yüzlərlə kilometr uzaqda olan Tovuz rayonu istiqamətində Azərbaycanın ərazilərinə işğalçı niyyətlə soxulmağa cəhd etdi. Ancaq Azərbaycan Ordusunun cavab atəşi ilə düşmənin hərbi qüvvələri bir daha darmadağın edildi.

Deputat əmin olduğunu bildirib ki, Azərbaycan Prezidentinin qətiyyətli addımları sayəsində tezliklə torpaqlarımız azad ediləcək. Qafqaza böyük və əbədi sülhün gəlməsi üçün hər yerdə və hər iki qardaş ölkədə başlayacaq antiterror əməliyyatında əgər bizim də əsgərlərimizlə birgə iştirakımız vacib olarsa, biz bir nəfər kimi buna hazır olduğumuzu bəyan edirik.

A.Süleymanov vurğulayıb ki, bu gün Azərbaycan növbəti dəfə Ermənistan silahlı birləşmələrinin hücumuna cavab olaraq öz haqq savaşına, ərazi bütövlüyünün təmin olunmasına ciddi qərar verib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi bizim qürurumuz və müqəddəs borcumuzdur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.