İQTİSADİYYAT
“Azər-Türk Bank” “Asan imza”nın tətbiqi ilə internet bank xidmətini istifadəyə verib
Bakı, 4 iyul, AZƏRTAC
“Azər-Türk Bank” “Asan imza”nın tətbiqi ilə internet bank xidmətini istifadəyə verib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, korporativ müştərilərə müasir və təhlükəsiz internet bankçılıq xidməti göstərmək məqsədilə “E-bank” xidməti yaradılıb. “Etibar etdiyiniz ünvan” şüarı ilə fəaliyyət göstərən bank bu xidmət vasitəsilə müştərilərinə maliyyə əməliyyatlarını sürətli və daha təhlükəsiz şəkildə həyata keçirmək imkanını yaradır.
“E-bank” məhsulu “Asan imza” mobil elektron imza ilə inteqrasiya olunmuş internet bankçılıq proqramıdır. Ölkədə ilk dəfə “Azər-Türk Bank” daxilolma və təsdiqləmə üsullu “Asan imza” internet bank xidmətini tətbiq edir. Belə ki, sistemdən istifadə zamanı digər ənənəvi giriş üsullarına (istifadəçi adı, şifrə və s.) və müştəri tərəfindən əlavə eyniləşdirmə məlumatlarının daxil edilməsinə ehtiyac olmur.
“E-bank” xidmətini tətbiq etməklə korporativ müştərilər və fərdi sahibkarlar öz hesablarını İnternet vasitəsilə dünyanın istənilən nöqtəsində, günün istənilən vaxtı məsafəli şəkildə nəzərdən keçirə, idarə edə bilər. Xidmətin tətbiqi Ukraynanın “Datas Technology” şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilib.