İQTİSADİYYAT
Azər-Türk Bank CONTAKT Ödəmə Sisteminin iştirakçıları arasındadır
Bakı, 19 noyabr (AZƏRTAC). Azər-Türk Bank (Azərbaycan) CONTAKT Ödəmə Sisteminin iştirakçıları sırasına daxil olmuşdur.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, CONTAKT Ödəmə Sistemi yeni iştirakçının - “Azər-Türk Bank” ASC-nin qoşulması sayəsində Azərbaycan ərazisində tərəfdaşlıq şəbəkəsini genişləndirəcəyini elan edir. Bankın Bakı, Naxçıvan və Gəncə şəhərlərində yerləşən bölmələrində hazırda müştərilər pul alıb, dünyanın 150-dən çox ölkəsindən pul baratları ala və göndərə bilərlər.
Azər-Türk Bankın bölmələrində CONTAKT pul köçürmələri üç valyuta – rubl, ABŞ dolları və avro ilə aparılır. Azərbaycan, Rusiya, yaxın xarici ölkələr üzrə köçürmələrə görə komisyon haqq pulun məbləğindən və təyinat ölkəsindən asılı olaraq 0,75-1,5 faiz təşkil edir. Köçürmələr ünvansız formatda həyata keçirilir: pul baratını sistemin qeydiyyat sənədində göstərilən ölkədəki istənilən məntəqəsində almaq olar. CONTAKT sisteminin istifadəçilərinə köçürmənin statusu barədə pulsuz sms-məlumat xidməti də göstərilir.
Bundan əlavə, payızda CONTACT sisteminin müştəriləri üçün bir sıra aksiyalar keçirilir, o cümlədən Azərbaycanın hər hansı bankı tərəfindən emitasiya olunmuş MasterCard® kartlarını pulsuz doldurmaq imkanı verilir. Müştəri kartı doldurmaq üçün onun yalnız nömrəsini göstərməlidir.
İlin sonunadək Azərbaycan ərazisində “CONTAKT-la payız” aksiyası keçirilir. Aksiyanın şərtlərinə görə, yaxın xarici ölkələrə 0,3 faizdən başlayan xüsusi tariflə 20.000 dollar və ya 600.000 rubl pul baratı göndərmək olar.
Azər-Türk Bank ASC 995-ci ildə təsis edilmişdir. Bankın nizamnamə kapitalı 12.242.908,00 AZN-dir. Türkiyənin T.C.Ziraat Bank A.Ş. (46,00 faiz), “Aqrarkredit” səhmdar kredit təşkilatı (46,00 faiz), Ziraat Bank İnternatıonal AG (4,00 faiz) və “Turanbank” (4,00 faiz) bankın səhmdarlarıdır. Azər-Türk Bank fiziki və hüquqi şəxslərə geniş çeşiddə xidmətlər təklif edir, Azərbaycan-Türkiyə iqtisadi münasibətlərində mühüm rol oynayır.