MƏDƏNİYYƏT


“Azərbaycan 1941-1945-ci illər Böyük Vətən müharibəsində” biblioqrafiyasının birinci kitabı işıq üzü görüb

Bakı, 9 sentyabr, AZƏRTAC

İkinci Dünya müharibəsində Qələbənin 75 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Milli Kitabxana “Azərbaycan 1941-1945-ci illər Böyük Vətən müharibəsində” biblioqrafiyasını hazırlayaraq nəşr edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, nəşr professor Kərim Tahirovun elmi redaktorluğu və kitabxananın əməkdaşlarının tərtibatçılığı ilə işıq üzü görüb.

Materialların kifayət qədər çoxluğu nəzərə alınaraq biblioqrafik göstəricinin iki kitabda nəşr edilməsi qərara alınıb. Birinci kitab Azərbaycan və digər dillərdə, ikinci kitab isə yalnız rus dilində ədəbiyyatı əhatə edir. Oxuculara və mütəxəssislərə təqdim olunan və Azərbaycan dilində ədəbiyyatı əhatə edən bu kitabda mövzu üzrə 4 min 845 adda mənbə toplanıb. Burada müharibə zamanında və sonrakı illərdə dərc edilmiş kitablar, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş elmi, elmi-kütləvi, publisistik və sənədli ədəbiyyat müvafiq başlıqlar altında qruplaşdırılıb, müharibə illərində respublikanın fəaliyyəti və qələbənin qazanılmasında nəhəng xidmətinin salnaməsi tərtib edilib. Kitabda rus dili istisna olmaqla digər xarici dillərdə olan materiallar, eləcə də ilk dəfə olaraq “Dünya kitabxanalarında” və “Dünya universitet kitabxanalarında” bölmələri də tərtib edilərək biblioqrafiyaya daxil olunub.

Biblioqrafik göstəricidə ədəbiyyat bölmələr daxilində xronoloji qaydada qruplaşdırılıb, daxildə isə əlifba sırası gözlənilib.

Kitabda “Azərbaycan 1941-1945-ci illər Böyük Vətən müharibəsində ‒ əsas hadisələrin xronologiyası”, “Görkəmli şəxsiyyətlərdən sitatlar” bölmələri də hazırlanıb oxuculara təqdim edilib.

Sonda vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə “Sovet İttifaqı Qəhrəmanlarının adlar göstəricisi”, “Böyük Vətən müharibəsi iştirakçılarının adlar göstəricisi” və “Müəlliflərin əlifba göstəricisi” başlıqlı köməkçi göstəricilər də verilib.

Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/Az.-1941-1945-muharibesinde.pdf linkindən istifadə edə bilərlər.

Qeyd edək ki, İkinci Dünya müharibəsində düşmən üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının da böyük rolu olub. Xalqımızın yüz minlərlə oğul və qızı əlinə silah alıb, bütün cəbhələrdə düşmənə müqavimət göstərib, çoxları həyatını bu yolda qurban verib. Neft mədənlərində və zavodlarda, elmi laboratoriyalarda ümumi qələbəni təmin etmiş azərbaycanlılar böyük fədakarlıq göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.