MƏDƏNİYYƏT


Azərbaycan 40-cı Beynəlxalq “FITUR-2020” turizm sərgisində təmsil olunub VİDEO

Madrid, 23 yanvar, AZƏRTAC 

Madriddə 40-cı Beynəlxalq “FITUR-2020” turizm sərgisi açılıb. “FITUR” bütün dünyada turizm sektoru nümayəndələrinin görüşü üçün unikal məkan, kommersiya tipli müqavilə və sazişlər bağlamağa imkan verən gözəl biznes vasitəsidir. Keçən il bu sərgiyə 165 ölkədən 10487 şirkətin nümayəndələri cəlb edilmiş, onlar 886 eksponent nümayiş etdirmişdir.

AZƏRTAC xəbər verir ki, builki sərginin əsas tematik bölmələri bunlardır: “Səyahət və turizm”, “Turizm məhsulları”, “Daxili turizm”, “Ekoturizm”, “Çimərlik istirahəti”, “Ekskursiya turizmi”.

Ölkəmiz bu nüfuzlu tədbirdə Azərbaycan Dövlət Turizm Agentliyinin və Respublikamızın İspaniya Krallığındakı səfirliyinin təşkilati dəstəyi ilə uğurla təmsil olunub. Turizm sərgisinin işində Azərbaycanın “Siso Travel”, “Turizm.az” və “ENC tours.turizm” şirkətləri iştirak edir. Ölkəmiz “Azərbaycan – bir də bax” devizi ilə təmsil olunub. Bu, Avropa və Latın Amerikası ölkələrindən olan turistlərin zəngin tarixə, mədəniyyətə malik olan, bənzərsiz milli mətbəxi və qonaqpərvərliyi ilə seçilən ölkəmiz barədə təsəvvürlərini yeniləşdirməyə imkan verəcək.

Sərgidə Azərbaycanın turizm potensialını əks etdirən stend ingilis və ispan dillərində materiallarla təchiz olunub. Sərgi çərçivəsində İspaniyanın və digər ölkələrin turizm şirkətləri arasında işgüzar görüşlər keçirilir.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev AZƏRTAC-a müsahibəsində deyib: “FITUR-2020” Avropanın turizm bazarında mühüm hadisələrdən biridir. Azərbaycan burada əvvəlki illərdə də iştirak edib. Bu sərgi Azərbaycanın Avropa, Latın Amerikası və Şimali Afrika ölkələrində populyarlaşması üçün böyük imkanlar verir. Bizim daha bir mühüm məqsədimiz burada təmsil olunmuş Ermənistan tərəfindən baş verə biləcək provokasiyaların qarşısını almaqdır. FITUR sərgisinin qaydalarına görə, belə halların qarşısını yalnız bilavasitə iştirak yolu ilə almaq olar. Keçən il belə provokasiyanın qarşısını Azərbaycanın İspaniyadakı səfirliyi ilə birlikdə aldıq”.

Azərbaycanın Turizm Bürosunun baş direktoru Florian Zenqstşmid AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, 2019-cu ildə Azərbaycanı ziyarət etmiş əcnəbilərin sayı 11,4 faiz artıb. Avropa ölkələrindən olan turistlərin sayı daha çox artıb. Son illərdə Braziliya, Meksika və Kolumbiyadan Azərbaycana turist axını müşahidə olunur. Hazırda bu sərgidə təmsil olunmuş regionlardan yeni birbaşa reyslərin və loukosterlərin açılması məsələsi gündəlikdədir. Azərbaycan bir sıra beynəlxalq sərgilərin işində iştirak etməklə öz turizm potensialını nümayiş etdirir. Bizim turoperatorlar FITUR sərgisi çərçivəsində xarici həmkarları ilə səmərəli görüşlər keçirirlər.

Beynəlxalq sərgi yanvarın 26-dək davam edəcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.