İQTİSADİYYAT


Azərbaycan ABŞ-la Yük Hədəfləmə Sistemi barədə müzakirələr aparıb

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də Dövlət Gömrük Komitəsi (DGK) ilə ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin nümayəndə heyətləri arasında Yük Hədəfləmə Sistemi mövzusunda görüş keçirilib.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov bu gün dinamik inkişaf edən Azərbaycanda Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatların nəticəsi olaraq bütün sahələrdə inkişafa nail olunduğunu deyib.

Komitə sədrinin birinci müavini qeyd edib ki, bu islahatların tərkib hissəsi kimi, gömrük sahəsində də gerçəkləşdirilən islahatlar nəticəsində mühüm işlər görülüb. Gömrük xidməti beynəlxalq ticarət-təchizat zəncirinin iştirakçısı olaraq gömrük prosedurlarının sadələşdirilməsi və sərhəd-keçid məntəqələrində sürətli keçidin təmin olunması istiqamətində daha müasir innovativ layihələr həyata keçirir.

“Bu gün Azərbaycan beynəlxalq ticarət və logistika mərkəzinə çevrilməkdədir”, - deyə sözünə davam edən İ.Hüseynov diqqətə çatdırıb ki, bu səbəbdən maneəsiz ticarətin timsalında gömrük prosedurlarının sadələşdirilməsi və uyğunlaşdırılması hər zamankından daha böyük önəm kəsb edir.

O deyib ki, Azərbaycan gömrüyündə qısa idxal bəyannamələrinin öncədən təqdim edilməsi ilə risklərin idarə olunması əsasında malların və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesi sürətlənib. Dövlət Gömrük Komitəsinin əsas hədəflərindən birinin də risklərin idarə olunmasının inkişafı olduğunu qeyd edən İ.Hüseynov bu istiqamətdə bir sıra qonşu dövlətlərlə həyata keçirilən məlumat mübadiləsindən, qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsindən və Azərbaycanda tətbiqinin əhəmiyyətindən də danışıb.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin attaşesi Surab Bat rəhbərlik etdiyi təşkilat haqqında ətraflı məlumat verib. O qeyd edib ki, 2012-ci ildə idarənin Türkiyədə ofisi fəaliyyətə başlayıb və sərhədlə əlaqədar mübadilə edilən bütün məlumatların toplanması onların fəaliyyətinə daxildir. Regionda etibarlı tərəfdaşlar qazanmaqlarından məmnunluğunu dilə gətirən S.Bat gələcəkdə digər tərəfdaşlarla da əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib.

Sonra Yük Hədəfləmə Sistemi və Xarici Elektron Yük Məlumat Mübadiləsi Proqramı (FEDCEP) üzrə mütəxəssislər Anna Peterson və Devid Kinq təqdimatla çıxış ediblər.

Qeyd olunub ki, milli təhlükəsizliyi gücləndirmək məqsədilə gələcəkdə yüksək riskli malları müəyyən etmək üçün xarici tərəfdaşlardan yüklərlə əlaqədar bəyannamələri və digər aidiyyəti məlumatları toplamaq, həmin məlumatlar əsasında profilləri formalaşdırmaq əsas hədəflərdən hesab olunur.

Görüşün sonunda təqdimatlarla bağlı iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.