İQTİSADİYYAT
Azərbaycan Aİ ilə energetika sektorunun inkişafına dair strateji sənədlərin hazırlanması metodologiyasını müzakirə edib
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Avropa İttifaqı (Aİ) ilə energetika sektorunun inkişafına dair strateji sənədlərin hazırlanması metodologiyasına dair müzakirələr aparıb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirlikdə energetika sektorunun inkişafına dair strateji sənədlərin hazırlanması metodologiyası ilə bağlı Avropa İttifaqının ekspertləri və “Azərenerji” ASC, “Azərişıq” ASC və “Azəristiliktəchizat” ASC, eləcə də SOCAR-ın nümayəndələrinin iştirakı ilə seminar keçirilib.
Energetika nazirinin müavini Samir Vəliyev “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə energetika sektorunda islahatlarla bağlı əksini tapmış tədbirlərin həyata keçirilməsi üçün müvafiq strateji əhəmiyyətli sənədlərin hazırlanmasının vacibliyindən danışıb. Bildirib ki, bu məqsədlə strateji sənədlərin hazırlanması metodologiyası üzrə beynəlxalq təcrübənin öyrənilməsinə ehtiyac vardır.
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas isə son vaxtlar “EU4Energy” Proqramı çərçivəsində Beynəlxalq Enerji Xartiyasının texniki dəstəyi ilə həyata keçirilən layihələrdən bəhs edib.
O, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun layihəsinin ardınca energetika sektorunda digər strateji xarakterli sənədlərin hazırlanmasına da texniki dəstək göstərməyə hazır olduqlarını bildirib.
Sonra qurumun ekspertləri tərəfindən strateji sənədlərin hazırlanması metodologiyasından bəhs edən təqdimatla çıxış ediblər.
Seminarda, həmçinin hazırlanmış sənədlərin, qanun layihələrinin Avropa İttifaqında mövcud ictimai məsləhətləşmə mexanizmləri barədə də fikir mübadiləsi aparılıb.