Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

Azərbaycan Respublikasının
2018-ci il 24 aprel tarixli
Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 37 mm olan, hər tərəfə şüalar saçan səkkizguşəli ulduz kompozisiyalı lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

Medalın ön tərəfində diametri 25 mm olan halqa ilə əhatələnmiş gümüşü dairə yerləşir. Dairənin diametri 18 mm-dir və üzərində aypara, səkkizguşəli ulduz, kitab, qılınc, tərəzi atributları müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə təsvir edilmişdir. Dairəni halqa ilə birləşdirən hissə tünd göy mina ilə örtülmüş, yuxarı qövsü boyunca solda “AZƏRBAYCAN”, sağda “ƏDLİYYƏSİ” sözləri, aşağı qövsü boyunca dəfnə budaqları, budaqların haçalandığı mərkəz hissəsində isə qabarıq gümüşü lent və onun üzərində “100” rəqəmi həkk edilmişdir. Ulduzun guşələri tünd göy mina ilə örtülmüş, kənarları qabarıq qızılı xətlə haşiyələnmiş və ucları arasındakı məsafə 12 mm olmaqla, hər biri digərindən beş şüa ilə ayrılmışdır. Halqanın və dairənin konturları, bütün yazılar, dəfnə budaqları, atributlar, şüalar relyefli olmaqla qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

Medalın arxa tərəfinin səthi hamardır, orta hissəsində “AZƏRBAYCAN ƏDLİYYƏSİNİN 100 İLLİYİ 1918-2018” sözləri, aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunur.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 48 mm ölçülü qızılı rəngli metal lövhəyə ilgək və iki halqa vasitəsilə birləşdirilir. Lövhəyə üzərində kənarlardan mərkəzə doğru ardıcıl olaraq 2 mm enində yaşıl, 1 mm enində tünd göy, 6 mm enində mavi rəngli şaquli zolaqlar, mərkəzdə isə 9 mm enində tünd göy rəngli şaquli zolaq təsvir edilmiş xara lent çəkilmişdir. Xara lentin yuxarı hissəsinə 27 mm x 6 mm ölçülü, aşağı hissəsinə eni kənarlarda 6 mm, mərkəzdə 11 mm olan qızılı rəngli təbəqə bərkidilmiş, təbəqənin üzərinə palıd yarpaqları, onlardan aşağıda düz xətt və “1918-2018” rəqəmləri relyefli həkk edilmişdir.

4.2. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin